Bakı, 8 dekabr, Tamilla Məmmədova, AZƏRTAC
Azərbaycan-Qazaxıstan birgə logistika operatorlarının yaradılması zəruri addımdır və bu addım dərhal öz praktiki dəyərini nümayiş etdirəcək.
Bu barədə AZƏRTAC-ın “Azərbaycan və dünya” proqramının növbəti buraxılışında qazaxıstanlı nəqliyyat və logistika üzrə ekspert Dastan Ospanov bildirib.
Ekspert qeyd edib ki, hazırda Qazaxıstan, Azərbaycan və Gürcüstan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) çərçivəsində işləyirlər. Bu mexanizmdə hər il tariflər müəyyən edilir və dəmir yolu, eləcə də dəniz daşımalarının qiymətləri təsbit olunur. Lakin avtomobil daşıyıcıları bu sistemin hüdudlarından kənarda qalır.
D.Ospanovun fikrincə, problemin həlli avtomobil daşıyıcılarının mövcud TBNM strukturuna daxil edilməsi və ya dəhlizin daim yüklənməsini təmin edən ayrıca platformanın yaradılması ola bilər. Bu, yüklərin bərabər şəkildə və təminatlı şəkildə bərə ilə daşınmasını mümkün edəcək.
Ekspert, həmçinin biznesin və beynəlxalq tərəfdaşların cəlb olunmasının, tarif siyasətinin şəffaflığının və reyslərin müntəzəmliyinin vacibliyini vurğulayıb. Onun qənaətinə görə, bütün bunlar birgə fəaliyyət üçün şərait yaradacaq, vahid operatorun formalaşmasına və logistika prosesinin bütün iştirakçılarının səmərəli şəkildə sinxronlaşdırılmasına imkan verəcək.