AZ

“Rəqəmsal dövrdə İslam ölkələrinin mədəniyyəti” mövzusunda fikir mübadiləsi aparılıb

Bakı, 8 dekabr, Göyçək Mahmudlu, İlkin Cavanşirov, AZƏRTAC

Dekabrın 8-də “İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə – 2025” çərçivəsində "Rəqəmsal dövrdə İslam ölkələrinin mədəniyyəti" mövzusunda panel sessiya keçirilib.

AZƏRTAC xəbər verir ki, Mədəniyyət Nazirliyinin Xarici ölkələrlə əməkdaşlıq şöbəsinin müdiri Aydan Nurəlizadənin moderatorluğu ilə keçən sessiyada İslam Əməkdaşlıq Təşkilatının Mədəniyyət İşləri Departamentinin direktoru Lhoucine Rhazoui süni intellektin çağırış olmaqla yanaşı, fürsət yaratdığını qeyd edib. Bildirilib ki, ölkələr rəqəmsal savadlılığı öz planlarında tətbiq etməlidirlər. O, fikirlərinə belə davam edib: “Müsəlman dünyasının hər bir fərdinin zəngin mədəni irsi qorumaq kimi məsuliyyəti var. Mədəniyyət festivalı simvolik xarakter daşıyır. Burada həmfikir insanların şəbəkəsi formalaşır. Məqsədimiz İslam ölkələrinin hədəf və məqsədlərini bir araya gətirməkdir. Gənclər bizim mədəni dəyərlərin daşıyıcıları olacaqlar. Təəssüf ki, dünyadakı əsas gərginliklər İslam ölkələrindədir. İnfrastruktur, texnologiya cəhətdən qeyri-bərabərlik var. Rəqəmsal boşluq mövcuddur. Biz bununla məşğul olmalıyıq. Mədəni irs nümunələrinin əksəriyyəti müharibələr zamanı məhv edilib. Bir hissəsi isə oğurlanıb. Onları bərpa etməli və aid olduğu ölkələrə qaytarmalıyıq. Bunun üçün yeni konsepsiya təqdim etməliyik”.

İslam Tarixi, İncəsənəti və Mədəniyyəti Araşdırma Mərkəzinin (IRCICA) baş direktoru Mahmud Erol Kılıç festivalın təşkilinə görə Azərbaycan Hökumətini təbrik edib. O, mədəni tarixin siyasi tarixdən daha əhəmiyyətli olduğunu və müsəlman ölkələrinin öz zəngin mədəni tarixi haqqında məlumatlı olmasının vacibliyini qeyd edib. Texnologiyaların mədəni sahədə tətbiqindən bəhs edən M.E.Kılıç deyib: "Texnologiya heç zaman mədəniyyət və insandan üstün olmamalı, lakin alət kimi istifadə edilməlidir. Məsələn biz dahi şair və yazıçıların əsərlərinin əlyazmalarının süni intellektdən istifadə edərək rəqəmsallaşdırılması üsullarını düşünə bilərik".

İƏT-in İnformasiya və Mədəniyyət Məsələləri Daimi Komitəsinin Əlaqələndirmə Bürosunun direktoru Ameth Diallo tədbirin təşkilatçılığına görə Azərbaycan Hökumətinə və Mədəniyyət Nazirliyinə minnətdarlığını ifadə edib. O, Azərbaycan gəncliyinin böyük optimizm nümayiş etdirdiyini qeyd edib. A.Diallo təşkilat çərçivəsində spesifik platformaların yaradılmasının vacibliyini diqqətə çatdırıb: "Biz birlikdə işləməli və platformaları uyğunlaşdırmalıyıq. Bu, bizdə data baza rolunu oynaya bilər. Lakin rəqəmsal infrastrukturun qurulması üçün investisiya çox vacibdir. Rəqəmsal transformasiyadan qaçış yoxdur. Həmin texnologiyaları işlərimizə töhfə verməsi məqsədilə istifadə etməliyik. Odur ki, biz bir araya gəlməli, müxtəlif alətləri müzakirə etməliyik".

ABŞ-ın Mədəniyyət və Təhsil İnstitutunun (CCEI) baş icraçı direktoru və İdarə Heyətinin sədri Vasif Eyvazzadə vurğulayıb ki, sivilizasiyalar və xalqlar öz irslərini, sadəcə, qorumaqla deyil, həm də onu gələcək nəsillərə çatdırmaqla formalaşır: “Günümüzdə rəqəmsal era bunun üçün bizə gözəl tarixi fürsət verir. Rəqəmsal əsr bizə öz mədəniyyətimizi təbliğ etmək üçün imkanlar yaradır. Gənclər rəqəmsal alətlərdən istifadə edərək öz mədəniyyətlərini nümayiş etdirə bilərlər”.

BƏƏ-də "Mistika" şirkətinin icraçı yaradıcı direktoru və həmtəsisçisi Cimi Elqohari texnologiyanın İslam irsinin gözəlliyini görməyə imkan verdiyini deyib. O, rəqəmsal "storytelling" metodunun bu istiqamətdə vacib alət olduğunu qeyd edərək onun İslam mədəniyyətinə verdiyi töhfələrdən bəhs edib.

Panel sual-cavab və müzakirələrlə davam edib.

Seçilən
29
1
azertag.az

2Mənbələr