AZ

Bakıda İƏT Mədəniyyət Festivalı çərçivəsində “Azerbaijan Fashion Week”in 19-cu mövsümü başlayıb

BAKI, 8 dekabr. TELEQRAF

Bakıda “İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcılıq Həftəsi – 2025” layihəsi çərçivəsində “Azerbaijan Fashion Week”in 19-cu mövsümü start götürüb.

Teleqraf xəbər verir ki, tədbir İslam Əməkdaşlıq Təşkilatı (İƏT) ilə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilir. Festivalın məqsədi İƏT-ə üzv ölkələr arasında mədəni əməkdaşlığın gücləndirilməsi, yaradıcılıq sənayelərinin inkişafına dəstək, həmçinin qarşılıqlı anlaşmanın və ümumi mədəni dəyərlərin təşviqidir.

Festivalın proqramı çərçivəsində “Oriental Fashion Show” nümayişi təqdim olunub. Şouda 9 ölkədən olan dizaynerlər Şərq dünyasının dərinliyini və zərifliyini əks etdirən kolleksiyalarını nümayiş etdiriblər:

• Azərbaycan: Gülnarə Xəlilova və Uventa;

• Oman Sultanlığı: Yoland Fashion House;

• Misir: Hany Elbehairy Couture;

• Bəhreyn: Naseem Alandalos;

• Mərakeş: Wafa Idrissi və Maison Fatim;

• Qazaxıstan: Malique;

• Türkmənistan: Gowher Gouvernet;

• Özbəkistan: Art by Sofia;

• Tacikistan: Umed Kuchkaliyev.

Hər bir dizayner podiuma özünəməxsus yaradıcılıq baxışını gətirib. Onların kolleksiyaları əsrlərin ənənəsini müasir incəsənətin ifadə vasitələri ilə yenidən interpretasiya edir və Şərqin yüksək dəbinin əbədi gözəlliyini, eləcə də dünya səhnəsində getdikcə artan mövcudluğunu göstərir.

Seçilən
33
teleqraf.com

1Mənbələr