AZ

Nağıl kimi bir ömür... və ya ... » AzadMedia.az


Əməkdar jurnalist Şəmsiyyə Kərimova yazır:

"
Biri var idi, biri yox idi…

Bu dünyada gəncliyin şirin, qayğısız çağlarında iki qız vardı — onlardan biri mən idim, o biri isə qəlbimə bacı kimi çökmüş rəfiqəm. O zamanlar kirayə qaldığımız balaca bir ev vardı… Evin pəncərəsi həmişə küləklə açılıb-bağlanardı, amma içinə bizim gülüşümüzdən başqa heç nə dolmazdı.

Biz o qədər mehriban idik ki… Mən onun rayondakı evlərinə gedərdim, o mənim ailəmə elə qarışardı ki, elə bil illərdir tanışıq. Hətta onun toyuna da getmişdim — elə bil bacım toy edirdi, o qədər sevinirdim.

Sonra... Qara günlər başladı. 1993-cü ildə onun kəndi - Cocuq Mərcanlı işğal olundu. O gündən yollar kəsildi, xəbərlər itdi. Mən onu soraqladım, soraqladım… Kimdən soruşdumsa, ya “bilmirik” dedilər, ya “çoxdan köçüb”. Bütün məcburi köçkün qəsəbələrinə gedəndə ümid edirdim ki, bəlkə kiminsə yadında qalar, bəlkə kiminsə gözünə tanış gələr…

Amma tapa bilmədim.

Sonralar bildim ki… O da məni axtarıbmış. Kirayə qaldığımız köhnə evə gedib, qapını döyüb soruşmaq istəyib ki, bəlkə məndən bir xəbər var. Amma o məhəllə də plana düşüb, artıq heç kim yox idi. Hər şey yenilənmiş, bizim izlərimiz silinmişdi.

Aradan illər keçdi… Ömür 70-ə yaxınlaşdı. Gəncliyin o saf günləri bir nağıl kimi qaldı içimdə — sahmana salınmış sandıqda saxlanılan xatirə kimi.

İki il əvvəl çalışdığım Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Cəbrayıl rayon bölməsinin sədrinə onun atasının adını, soyadını, qızın adını verdim. Ümid etdim ki, bəlkə bir iz tapılar. Və… möcüzə baş verdi. Tapdılar. Mənə xəbər verdilər ki, axtardığım rəfiqəm illər boyu başqa yerdə, başqa həyatda, amma eyni həsrətlə məni axtara-axtara yaşayıb.

Biz görüşdük…
O an sanki zaman dayanmışdı. Saçlarımız ağarmış, gözlərimiz yaşarmışdı… amma biz yenə o gənc qızlar idik. Köhnə evimizə bənzəyən bir hiss vardı havada — sanki yenidən çay dəmləyib söhbətə başlayasıydıq.

Və bu gün… O - Rəbiyyə mənim yubileyimə gəldi. Gözləri dolu, qəlbi kövrək , gülümsər halda. Məni o illərin arxasından almağa gəlmiş kimi....
Mənim üçün yox, elə bil gəncliyimin özündən qopub gəlmişdi. Onu yanımda görəndə içim bir qəribə titrədi — insanın illər sonra tapdığı dostluq başqa cür olurmuş… Daha dərin, daha qiymətli, daha kövrək. Dostluğumuz zaman deyil, qəlbin yazdığı bir hekayədir. Bəzən bir insan ömrü boyu özü belə bir bağ tapa bilmir. Biz tapmışıq. Və bu bağ 45 il qaranlıqda, tozdan, qürbətdə belə itməyib. Çünki həqiqi dostluq yaddaşın deyil, ruhun yaddaşıdır ...

Beləcə, nağılımız yarımçıq bitmədi.
Biz yenidən tapıldıq.
Yenidən dost olduq.

Və mən indi bilirəm ki, həqiqi dostluq zamanın yox, ürəyin saxladığı bir xəzinədir. O xəzinə nə müharibədə itir, nə illərin tozunda itir… Yeri gəlincə öz-özünə tapılır.
29. 11. 2025 Bakı"
Seçilən
20
1
azadmedia.az

2Mənbələr