AZ

Yaponiya kəşfiyyat naziri və Milli Kəşfiyyat İdarəsi yaratmağa hazırlaşır- ÖZƏL 

Yaponiya hökuməti kəşfiyyat sahəsində institusional islahatlara hazırlaşır. Ölkədə Milli Kəşfiyyat İdarəsinin (NİU) yaradılması ilə yanaşı, xüsusi kəşfiyyat naziri vəzifəsinin təsis edilməsi müzakirə olunur.  Olaylar.az xəbər verir ki, bu barədə "Kyodo" informasiya agentliyi məlumat yayıb. İslahat paketi yaxın günlərdə parlamentə təqdim ediləcək. Müzakirələr zamanı əsas diqqət yeni qurumun yaradılmasının ifadə azadlığına və vətəndaş hüquqlarına hər hansı formada təhdid etməyəcəyinə yönələcək. Hazırda kəşfiyyatla bağlı koordinasiya işləri hökumətin ikinci ən yüksək vəzifəli şəxsi - Nazirlər Kabinetinin baş katibi tərəfindən həyata keçirilir. Bu funksiyaların yeni nazirlə əvəzlənməsi planlaşdırılır. "Nikkei" qəzetinin məlumatına görə, Milli Kəşfiyyat İdarəsi indiki Nazirlər Kabinetinin Tədqiqat Bürosu əsasında formalaşdırılacaq. Həmin büro müxtəlif dövlət qurumlarından, açıq mənbələrdən, ABŞ-dan daxil olan məlumatları və peyk kəşfiyyatını təhlil edir. Yeni idarə isə XİN, Müdafiə Nazirliyi, polis və Ədliyyə Nazirliyinin mövcud kəşfiyyat və əks-kəşfiyyat bölmələrinin fəaliyyətini koordinasiya edəcək.
Bundan əlavə, baş nazir və digər yüksək vəzifəli rəsmilərin təmsil olunacağı Milli Kəşfiyyat Şurasının da yaradılması nəzərdə tutulur. Yeni qurum status baxımından ölkənin xarici siyasət və müdafiə məsələlərini tənzimləyən Milli Təhlükəsizlik Şurasına bərabər tutulacaq.
Qeyd edək ki, baş nazir Sanaa Takaiti daha əvvəl dəfələrlə Yaponiyada ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinə (CIA) bənzər qurumun yaradılmasının vacibliyini vurğulamışdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
13
olaylar.az

1Mənbələr