AZ

Nazirliyin “ekoloji təmiz” dediyi pelet sobalar məktəb və bağçaları necə zəhərləyir? – “Bu yaşa gəlmişəm, o standartda soba görməmişəm”

Xəbər verdiyimiz kimi, dekabrın 5-i 2025-ci il tarixində Salyan rayonu Aşağı Noxudlu kənd tam orta məktəbində təhsil alan şagirdlər və məktəb əməkdaşlarının pelet sobasından yayılan tüstüyə görə zəhərlənmə halları qeydə alınıb. Belə ki, sobanın tıxanması səbəbindən binaya tüstü yayılıb və nəticədə 18 nəfər zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilib. Elm və Təhsil Nazirliyinin pelet sobaları məktəblərlə yanaşı bağçalarda da quraşdırması ictimaiyyətdə etirazla qarşılanıb. Bu cür kustar sobaların məktəblilər və azyaşlı uşaqlar, eləcə də müəllimlərin həyatı üçün təhlükəli olduğu deyilir. Nazirliyin 2022-ci ildə yaydığı rəsmi açıqlamada isə deyilir ki, “BP” və tərəfdaşlarının dəstəyi ilə "Pelet məhsulları ilə Azərbaycanın orta məktəblərinin isidilməsi" layihəsi çərçivəsində ölkəmizdə təbii qaz və ya digər alternativ istilik sistemləri ilə təchiz olunmamış ümumi təhsil müəssisələrinin pelet yanacağı vasitəsilə qızdırılmasını nəzərdə tutulur. Açıqlamada həmçinin pelet yanacağının ağac və taxta tullantılarının təkrar emalı nəticəsində əldə olunan ekoloji təmiz enerji mənbəyi olduğu, layihənin Azərbaycanda bərpa oluna bilən, ekoloji təmiz enerji mənbələrinin yaradılması və geniş istifadəsinə də təkan verəcəyi deyilir. Nəticə isə göz qabağındadır. Bütün bunlardan sonra nazir Emin Əmrullayevə Gürcüstan Texniki Universitetinin fəxri doktoru adı verilməsi tənqidləri daha da alovlandırıb…

 

Təhsil məsələləri üzrə ekspert Şəmsi Qoca Pravda.az-a açıqlamasında deyib ki, standarta uyğun olmayan sobaların məktəblərin sinif otaqlarında quraşdırılması təhlükəlidir.

 

“Aldığım məlumata görə, yanandan sonra sobadan neft axır. Sinif otağında belə bir şey quraşdırmaq heç bir məntiqə və ağıla sığmır. Tənqid etdiyimiz məsələ budur ki, "layihə" adı ilə dövlətin kifayət qədər vəsaitini havayı yerə xərcləyirlər, heç bir nəticəsi olmur. İndiyə qədər Elm və Təhsil Nazirliyinin "qrant layihələri" adı ilə səpələdikləri pulların hesabatını çıxarıb ortaya qoysunlar. Görək, indiyə kimi bunlar hansı layihəni başa çatdırıblar və nəticə nədir? Layihənin məqsədi olmalıdır. Məqsəd sinif otaqlarını daha yaxşı istiliklə təmin etməkdirsə, bəs niyə insanlar narazıdır? Görüntülərə baxdım, çöldə məşq edirlər ki, sobanı belə quraşdırın. Bir nəfər şərh yazmışdı ki, çöldə məşq edib içəridə niyə quraşdırırsınız? Elə içəridə məşq edib quraşdırın, gözünüzün qabağında görün ki, hansı proseslər baş verir. Deməli, özlərini təhlükədən kənar tuturlar. Çöldə nə olur, olsun, biz gedəndən sonra içəridə dünya dağılsın... Bu, çox pis tendensiyadır və mənfi münasibətim var. Hələ bu yaşa gəlmişəm, o standartda soba görməmişəm. Nədir bu? Dövlət standartlarına uyğunluğu varmı, sinif otaqlarına quraşdırmaq olarmı? Dövlətin vəsaitini xərclə, adını da qoy ki, “istilik sistemi yaradıram”. Bu nə ağıla, nə də məntiqə sığır və Emin Əmurllayevin növbəti şousudur. Doğrudan da, yaxşı şeydirsə, qoy camaat desin ki, yaxşıdır. Pisləyirlərsə, deməli, bunun əngəli var”, - ekspert bildirib.

 

Ş.Qoca elm və təhsil naziri Emin Əmrullayevə Gürcüstan Texniki Universitinin fəxri doktoru adı verilməsinin də tənqid olunmasından danışıb: “Fəxri ad verilməsi universitetlərin, akademiyaların daxili işidir. Bu, bir protokoldur. Kimsə layiqdir, ya deyil, özləri bilərlər. Fəxri doktor adı verməklə doktor olmadı ki. Gürcüstanda hansısa universitet Emin Əmurllayevə fəxri doktor adı veribsə, buna müdaxilə edə bilmərik, adətən bu adı xarici qonaqlara verirlər. Mühüm əhəmiyyət kəsb etməyən bir şeydir. Həmişə tərəfdarıyam ki, insanın fəaliyyətini tənqid etmək lazımdır, şəxsiyyətini yox”.

 

Aytəkin Qardaşova

Tarix: 9 Dekabr 2025, 09:38   
Seçilən
9
2
pravda.az

3Mənbələr