Qlobal səhiyyə proqramlarına ayrılan vəsaitlərin kəsilməsi xəstəliyin yenidən geniş yayılmasına yol aça bilər…
Poliqon xəbər verir ki, Dünya Səhiyyə Təşkilatı (ÜST) yeni hesabatında dünya üzrə malyariya hallarının və xəstəlikdən ölüm göstəricilərinin artdığı barədə xəbərdarlıq edib. Səbəb isə maliyyələşmənin azalması və parazitlərin mövcud müalicələrə qarşı davamlılığının güclənməsidir.
ÜST-ün qiymətləndirməsinə görə, 2024-cü ildə dünyada 282 milyon malyariya hadisəsi qeydə alınıb, 610 min insan isə xəstəlikdən ölüb. Bu, əvvəlki illə müqayisədə 9 milyon daha çox yoluxma və 12 min daha çox ölüm deməkdir. Hadisələrin və ölüm hallarının təxminən üçdə ikisi 11 Afrika ölkəsinin payına düşür və ölümün azaldılması istiqamətində irəliləyiş hələ də hədəflərin çox gerisindədir.
“2024-cü ildə halların artması xüsusilə narahatlıq doğurur, çünki bu göstəricilər hələ cari ildə baş vermiş maliyyə ixtisarlarının təsirini əks etdirmir”, deyə Malaria No More UK təşkilatının icraçı direktoru Qaret Cenkins bildirib.
Cenkins vurğulayıb ki, ABŞ, Böyük Britaniya, Almaniya və Fransa kimi zəngin dövlətlər qlobal səhiyyə proqramlarına, o cümlədən malyariyaya qarşı mübarizəyə ayrılan vəsaiti kəskin şəkildə azaldıblar.
ÜST xəbərdarlıq edir ki, beynəlxalq yardımın azalması yeni epidemiyaların yaranması və xəstəliyin yenidən geniş yayılması riskini artırır. Halbuki mövcud maliyyə həcmi onsuz da kifayət qədər deyildi. 2024-cü ildə malyariya ilə mübarizə üçün qlobal maliyyələşmə 3,9 milyard dollar (3,4 milyard avro) təşkil edib. Bu rəqəm həm ötən ildən azdır, həm də həkimlərin hesablamalarına görə tələb olunan 9,3 milyard dollardan (8,1 milyard avro) xeyli aşağıdır.
Malyariya dünyanın ən ciddi ictimai səhiyyə problemlərindən biri olaraq qalır. Xəstəlik insana yoluxmuş ağcaqanadın sancması ilə ötürülür və bu, insan-insan ötürülən xəstəliklərlə müqayisədə onun nəzarət altına alınmasını daha çətin edir. Parazitin getdikcə daha davamlı formaya çevrilməsi müalicə və profilaktika vasitələrinin, o cümlədən insektisidlə hopdurulmuş torların effektivliyini azaldır.
Afrikanın ən azı səkkiz ölkəsi ÜST-ə artemisininə, xəstəliyin müasir müalicəsinin əsas komponentinə qismən davamlılıq aşkar etdiklərini bildirib. Xatırladaq ki, parazit 1980-ci illərdən əvvəl birinci sıra dərman olan xloroxinə də davamlılıq qazanmışdı.
Cenkins qlobal maliyyələşmənin artırılmasını, yeni müalicə üsullarının, növbəti nəsil torların və vaksinasiya proqramlarının genişləndirilməsini vacib sayır. “Bizə elə liderlər lazımdır ki, yalnız xəstəliyin qayıtma təhlükəsinin miqyasını anlamaqla kifayətlənməsin, həm də malyariya elminin ölkələrə bu mübarizədə necə yardım edə biləcəyini görsünlər”, — deyə o bildirib.
Poliqon.info