Azərbaycanda səhiyyə sahəsində son illər müasir xəstəxanaların tikintisi, avadanlıqların yenilənməsi və icbari tibbi sığortanın tətbiqi kimi addımlar atılsa da, sistemdə narazılıqlar azalmır.
Əhali daha keyfiyyətli tibbi xidmət gözləyir, həkimlər isə institusional çətinliklərdən şikayət edir. Bu proseslər göstərir ki, problem təkcə tibbi xidmətin səviyyəsində deyil, səhiyyə sisteminin idarəetmə modelində, insan resurslarında, maliyyələşmə və nəzarət mexanizmlərində cəmlənir.
İcbari Tibbi Sığorta: Hədəflər və real vəziyyət
İcbari Tibbi Sığorta (İTS) əslində Avropa tipli vahid səhiyyə modelinə keçidi təmin etməliydi. Lakin tətbiq prosesində bir sıra uyğunsuzluqlar qalır. Xidmət paketində olan prosedurlar bəzi xəstəxanalarda faktiki icra olunmur. Xəstədən əlavə ödəniş tələb olunması geniş yayılıb.
Regionlarda İTS-in tətbiqi daha zəifdir, bəzi ixtisaslarda kadr və avadanlıq çatışmazlığı görünür. İTS-in bürokratik mexanizmləri müalicə prosesini ləngidir. Nəticə etibarilə, dövlət xəstəxanaları üzərinə düşən yük artdığı halda, xidmətin keyfiyyəti eyni səviyyədə qalmayıb.
Azərbaycanda səhiyyə iki paralel sistemlə dövlət sektoru və özəl sektorla idarə olunur. Dövlət sektorunda növbələr çoxdur, kadr çatışmazlığı var. Avadanlıqlar olsa belə, onların düzgün istifadəsi və xidmətə uyğunlaşdırılması problemlidir. Şəffaflıq və monitorinq mexanizmləri zəifdir.
Özəl sektorda keyfiyyət yüksək olsa da, qiymətlər çoxlarının imkanlarından kənardadır. Qiymət siyasəti tənzimlənmir; eyni xidmətin qiyməti klinikalar arasında kəskin fərqlənir. Pasiyentlərin hüquqi müdafiə mexanizmi demək olar ki, yoxdur.
Bu sistem fərqi faktiki olaraq əhalini iki kateqoriyaya bölür: maddi imkanı olanlar və olmayanlar.
Bu sektorda tibbi personalın maddi vəziyyəti mühüm məqamdır. Çünki işlə bağlı maaş və motivasiya bu amillə sıx bağlıdır. Səhiyyə işçilərinin maaş problemi uzun illərdir sektorun ən böyük struktur çətinliklərindəndir. Həkimlərin rəsmi maaşı onların məsuliyyəti və iş yükü ilə uyğun deyil. Aşağı maaş qeyri-rəsmi ödəniş təcrübəsinin davam etməsinə zəmin yaradır. Gənc həkimlər özəl sektora və ya xaricə üz tuturlar. Davamlı təlim və ixtisasartırma proqramları yetərli deyil.
Həkimlərin etirazı çox vaxt göstərilən xidmətin səviyyəsinə deyil, sistemin onları sıxışdıran idarəetmə mexanizminədir.
Poliklinika sistemi niyə süqut edib?
Burada əsas problemlərdən biri sahə həkimi və poliklinika şəbəkəsinin köhnəlmiş olmasıdır. İnfrastruktur zəifdir, avadanlıq köhnədir. Profilaktika və ilkin diaqnostika sisteminin işləməməsi xəstəxanalara yükü artırır. Vətəndaşlar kiçik narahatlıqda belə birbaşa özəl klinikaya üz tuturlar, bu isə həm xərc, həm də sistem üçün əlavə təzyiq yaradır.
Bu gün Azərbaycanda poliklinika anlayışı faktiki olaraq öz funksiyasını itirib.
Üstəlik regionlarda tibbi xidmətin keyfiyyəti Bakıdan xeyli geri qalır. Bu, həllini gözləyən çox vacib məsələlərdən biridir. Bölgələrdə ixtisaslaşmış həkim çatışmazlığı kəskindir. Çox vaxt ciddi müalicə və əməliyyatlar üçün pasiyentlər Bakıya yönləndirilir. Region xəstəxanalarının maddi-texniki bazası bərabər səviyyədə deyil. Həkimlərin bölgələrdə işləməyə marağı aşağıdır. Bu, ölkədə tibbi xidmətin ərazi üzrə bərabər bölünməsinə mane olur.
İdarəetmə və nəzarət mexanizmləri köhnədir.
Səhiyyədə islahatlar əsasən infrastruktur və maliyyələşmə üzrə aparılıb, amma idarəetmənin özündə dəyişiklik zəifdir. Kadr seçimi hələ də peşəkarlıq üzərindən deyil, şəxsi əlaqələr üzərindən formalaşır. Xəstəxanaların fəaliyyətinə dair açıq hesabatlılıq yoxdur. Keyfiyyət göstəriciləri (müalicə uğuru, pasiyent məmnuniyyəti və s.) rəsmi şəkildə yayımlanmır. Elektron səhiyyə sistemi tam oturuşmayıb, xəstə məlumat bazası inteqrasiya olunmayıb. Bu səbəbdən islahatların nəticəsi real olaraq ölçülmür.
Dövlət xəstəxanalarında qeyri-rəsmi ödəniş tələbləri hələ də mövcuddur. Bu isə pasiyentin dövlət sisteminə inamsızlığı artır. Həkimlərin motivasiyası rəsmi sistemdən kənar formalaşır.
Şəffaflıq olmadığı üçün nə xəstə şikayətlərini həll edə bilir, nə də həkim hüquqlarını müdafiə.
Nəticə nə göstərir?
Səhiyyə sektorunda problemlər struktur xarakter daşıyır.
Azərbaycanda səhiyyə sahəsinin əsas çətinlikləri təkcə klinik xidmətlə bağlı deyil, daha çox idarəetmə modelində, maliyyələşmə sistemində, insan resurslarının hazırlanmasında, monitorinq və nəzarət mexanizmlərində cəmlənir.
İTS-in effektiv işləməsi, tibbi personalın motivasiyasının artırılması, poliklinika sisteminin yenilənməsi, bölgələrdə ixtisaslı xidmətin gücləndirilməsi və özəl sektorun tənzimlənməsi yaxın illər üçün əsas istiqamətlər ola bilər.
“Analitik” Təhlil və Araşdırma Mərkəzi