Böyük Britaniyanın baş naziri Kir Starmer Avropada dondurulmuş Rusiya aktivlərinin açılması və Ukraynaya təxminən 100 milyard funt sterlinq (təqribən 140 milyard dollar) həcmində maliyyə dəstəyi göstərilməsi barədə razılığın bir neçə günə əldə olunacağını gözlədiyini bildirib. The Times yazır ki, sülh danışıqları “kritik mərhələyə” daxil olduğu üçün bu məsələ üzrə razılaşma sürətlə yaxınlaşır.
Vətəninfo.az xəbər verir ki, Starmer bazar ertəsi Ukrayna prezidenti Volodimir Zelenski, həmçinin Fransa və Almaniya liderləri ilə ABŞ-ın son sülh təkliflərini müzakirə edib.
Avropa liderləri həmçinin Avropa banklarında dondurulmuş Rusiya aktivlərinin ya Ukraynanın müdafiə ehtiyacları, ya da sülh sazişi əldə olunacağı təqdirdə ölkənin bərpası üçün istifadəsini müzakirə ediblər.
Hökumət daxilindəki mənbələr danışıqlarda ciddi irəliləyiş olduğunu və qərarın bu həftə və ya gələn həftə açıqlana biləcəyini bildiriblər. The Times qeyd edir ki, bu vəsait Avropanın və Ukraynanın Moskva ilə danışıqlarda əsas təzyiq alətlərindən biri hesab olunur və Ukraynanın ən azı iki il ərzində sabit maliyyələşməsini təmin edə bilər.
Hazırda Avropada ən çox dondurulmuş Rusiya aktivlərinin yerləşdiyi Belçika hələlik razılıq verməsə də, Londonun rəsmi nümayəndəsi “təxminən bir həftə ərzində razılaşmanın mümkün olduğunu” deyib.
Downing Street-in açıqlamasında bildirilir ki, dörd lider görüş zamanı “dondurulmuş Rusiya suveren aktivlərinin Ukraynanın bərpasına yönləndirilməsi üzrə əldə olunan müsbət irəliləyişi” müzakirə ediblər.
Euroclear-ın icraçı direktoru Valeri Urban isə hesab edir ki, Rusiya aktivləri Ukrayna üçün birbaşa reparasiya krediti kimi deyil, sülh razılaşmasına nail olmaq üçün bir “kozır” kimi istifadə olunmalıdır.
Bundan əvvəl mediada yayılan məlumatlara görə, Fransada Avropa İttifaqında Belçikadan sonra ikinci ən böyük dondurulmuş Rusiya aktivləri paketi saxlanılır və Paris bu aktivlərin hansı banklarda yerləşdiyini artıq iki ildən çoxdur ki, açıqlamır.