AZ

BMT baş katibi İsrailin Şərqi Qüdsdə BAPOR kompleksinə müdaxiləsini sərt tənqid edib

Hadisə zamanı BMT bayrağı endirilib, avadanlıq müsadirə olunub…

Poliqon xəbər verir ki, BMT baş katibi Antoniu Quterreş İsrail hakimiyyətinin Şərqi Qüdsün Şeyx-Cərrah rayonunda yerləşən BAPOR (BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlər Agentliyi) kompleksinə icazəsiz girişini qəti şəkildə pisləyib.

BAPOR-un rəhbəri Filipp Lazzarini bildirib ki, İsrail polisi və bələdiyyə rəsmiləri zor tətbiq edərək agentliyin ərazisinə daxil olublar. Kompleksə motosikllər, yük maşınları və yükləyici texnika gətirilib, əlaqə xətləri kəsilib, mebel, kompüter avadanlıqları və digər əşyalar müsadirə edilib. Bundan əlavə, BMT bayrağı endirilib və onun yerinə İsrail bayrağı qaldırılıb.

Quterreş hadisəni beynəlxalq hüququn və BMT-nin toxunulmazlığına dair prinsiplərin kobud şəkildə pozulması kimi səciyyələndirib. O diqqətə çatdırıb ki, BAPOR-un fəaliyyəti humanitar xarakter daşıyır və agentliyin infrastrukturuna müdaxilə minlərlə fələstinli qaçqının həyati əhəmiyyət daşıyan yardımlara çıxışını çətinləşdirə bilər.

Hadisə beynəlxalq ictimaiyyətdə ciddi narahatlıq yaradıb və bir sıra diplomatik kanallar vasitəsilə məsələ üzrə izahat tələb olunub.

Poliqon.info

Seçilən
14
poliqon.info

1Mənbələr