Bakı, 9 dekabr, AZƏRTAC
ABŞ-ın Daxili Təhlükəsizlik Nazirliyi cari ilin əvvəlində başladılan qanunsuz mühacirlərlə mübarizə kampaniyası çərçivəsində kriminal keçmişi olan miqrantlar haqqında məlumatların yer aldığı ictimai portal açıb.
AZƏRTAC xəbər verir ki, departament bu barədə həmin portalda məlumat yayıb.
“Amerikalılar bu portal vasitəsilə öz rayonlarında hansı ictimai təhlükəsizlik təhdidlərinin gizləndiyini özləri görə biləcək”, - deyə məlumatda bildirilir. Hazırda portalda hüquq-mühafizə orqanları tərəfindən saxlanılan 10 minə yaxın şəxs haqqında məlumatlar ictimaiyyətə açıqdır. Siyahıda Afrika, Cənubi Amerika və Asiya ölkələri ilə yanaşı, Qərbi və Şərqi Avropa ölkələrinin kriminal keçmişi olan vətəndaşları barədə də qeydlər mövcuddur.
Qeyd edək ki, bir müddət öncə ABŞ Prezidenti Donald Tramp vəzifəyə başlamadan əvvəl təxminən 25 milyon qanunsuz miqrantın ölkəyə daxil olduğunu bildirib. Andiçmə mərasimindən sonra ABŞ-Meksika sərhədində fövqəladə vəziyyət elan edən dövlət başçısı Birləşmiş Ştatların tarixində qeyri-qanuni mühacirlərin ən böyük deportasiya əməliyyatını həyata keçirmək niyyətində olduğunu vurğulayıb.