Qırğızıstanda tənəffüs yoluxucu xəstəliklərin sürətlə artması böyük bir səhiyyə böhranına səbəb olub. "Honq Konq qripi" kimi tanınan A/H3N2 virusu yayılma mərkəzi kimi müəyyən edilib.
Hafta.az-ın yazdığına görə, Qırğızıstanda sürətlə artan tənəffüs yoluxucu xəstəliklər ölkəni ciddi səhiyyə böhranına sürükləyib. Xüsusilə uşaqlar arasında geniş yayılmış A/H3N2 "Honq Konq qripi" təhsil müəssisələrini iflic edib.
Yoluxma hallarının artması səbəbindən yüzlərlə məktəb və uşaq bağçası bağlanıb, bir çox bölgələrdə isə karantin tədbirləri bərpa edilib.
Qırğızıstan Səhiyyə Nazirliyinin açıqladığı məlumatlara görə, cəmi bir həftə ərzində 36 mindən çox kəskin tənəffüs yoluxucu xəstəlik hadisəsi qeydə alınıb.
Xəstələrin təxminən 70 faizi uşaqlardır.
Mütəxəssislər bildirirlər ki, yayılma, xüsusən də 14 yaşdan kiçiklər arasında sürətlə irəliləyir.
Təhsil Nazirliyi epidemiyanın qarşısını almaq üçün ölkə miqyasında kompleks tədbirlər həyata keçirib, 214 uşaq bağçası tamamilə karantinə alınıb, 207 məktəb onlayn təhsilə keçib.
Nazirlik elan edib ki, pandemiya dövründə məktəblər distant təhsilə keçmək üçün əlavə icazə prosesinə ehtiyac duymur, sadəcə onlara məlumat vermək kifayətdir.
Laboratoriya testləri göstərib ki, tənəffüs yoluxucu xəstəliklərin böyük əksəriyyəti Honkonq qripinin A/H3N2 ştammından qaynaqlanır.
Səhiyyə rəsmiləri Honkonq qripinin yüksək yoluxuculuğunu vurğulayırlar.