Zərdabın Sileyli sakinləri illərdir mavi qaz olmadığına görə kənddən köçmək məcburiyyətində qalıblar.
NOCOMMENT.az xəbər verir ki, bu sözləri kənd sakinləri bildiriblər. Bu iddia Zərdab rayonunun Sileyli kəndindəki vəziyyətlə bağlıdır.
Rayon mərkəzindən təxminən 40 kilometr uzaqlıqda yerləşən bu kənd uzun illərdir mavi yanacaqla təmin olunmur.
Sileyli kəndi uzun illərdir mavi yanacaqla təmin olunmadığından sakinlər ciddi çətinliklərlə üzləşir. Təbii qazın olmaması sakinlərin gündəlik həyatını xeyli ağırlaşdırır. İnsanlar qışa hazırlaşmaq üçün daim odun doğramaq, çör-çöp toplamaq məcburiyyətində qalırlar.
Soyuq aylar gələndə isə vəziyyət daha da pisləşir – yanacaq çatışmazlığı səbəbindən bir çox ailələr yaşayışlarını davam etdirə bilmirlər və kəndi tərk etməyə məcbur qalırlar.
Kənd sakini Fazil Musayev yerli büromuza bildirib ki, şikayətləri ancaq qazdandır:
“Zərdab rayonunda 42 kənd var. Rayonun özü və 2 qəsəbəsi var. Sileyli kəndindən başqa hamısına qaz çəkilib,
Kəndimizdə 450 nəfərə yaxın insan yaşayır. 80-ə yaxın evdir. Təxminən 25 ev təbii qaz ucbatından köçüb Bakı şəhərinə gediblər.
Gedirik odun qırmağa ekalogiyadan gəlirlər cəriməliyirlər. Bu səbəbdən hamı əziyyət çəkirlər.
Xahiş edirik adiyyatı qurumlardan bizə köməklik etsinlər, bizə də təbii qaz xətti çəkilsin, biz də bu əziyyətdən xilas olaq”.
Digər sakin İlhamə Cəbiyeva da çox əziyyət çəkdiklərini deyib:
“Balon qazından istifadə edirik. Bu da qurtaranda rayonla əlaqəmiz uzaq olduğuna görə çox əziyyət çəkirik.
Meşədən odun qırmağa ekalogiya icazə vermir. Bəs biz nə edək, soyuqdan ölək?
Kənd sakini Famil Əhmədov isə bildirir ki, odunun lapeti 200-300 manatdır:
“Ona da maddi gücümüz çatmır. Atla gedib odun tapıb gətirirəm, o da yaş odun. Quru odun gətirəndə polis cərimələyir.
Yaşlı kənd sakini Zabit Şıxəliyev müxbirimizə bildirib:
“Uzun müddətdir kənddə yaşayıram, bizim problemimiz ancaq qazdır. Qoca kişiyəm, istilik olmasa yaşaya bilmirəm. Evimdə körpə nəvələrim var. Səhər oyadırıq ki, məktəbə getsin deyir soyugdu, mən gedə bilmirəm. Qarşıdan da soyuq,şaxtalı günlər gəlir. Biz qocaların, uşaqların vəziyyəti necə olsun?..
Xahiş edirəm, buna bir əncam qılınsın.
Məsələ ilə bağlı Azəriqaz QSC-nə müraciət etdik. Qurumdan sorğumuza cavab olaraq bildirildi ki,Zərdab rayon Sileyli kəndinin mavi yanacaqla təmin olunması cari illər üzrə nəzərdə tutulub.
Qurum əlavə edib ki, layihələndirmə və texniki proseslər mərhələli şəkildə icra olunur.
Belə ki, Sileyli sakinləri bir müddətdə gözləməli olacaqlar. Mövzunu diqqətdə saxlayacağıq.
NOCOMMENT.AZ