AZ

ETN dərslik və metodik vəsaitlərin hazırlanmasını yenə Ramiz Mehdiyevə məxsus olduğu bildirilən şirkətə verdi – 1.2 milyon

Elm və Təhsil Nazirliyi (ETN) dərslik və metodik vəsaitlərin hazırlanması və təkmilləşdirilməsi üçün 1 213 000 AZN sərf edəcək.

 

Pravda.az-ın xəbərinə görə, nazirliyə xidməti yenə də “Şərq-Qərb” ASC göstərəcək.

 

Nazirlik və ASC arasında bağlanan müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməyib. Yəni, “bir mənbə” metodu ilə rəqabətsiz şəraitdə həyata keçirilib. Ona görə də hansı dərs vəsaitlərinin hazırlanması məlum deyil.

 

Qeyd: “Şərq-Qərb” ASC 14 sentyabr 2001-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 589 min 879 manat olan ASC Əhmədli qəsəbəsi, Aşıq Ələsgər küçəsi, ev 17 ünvanında yerləşir. ASC ilə eyni ünvanda “Şərq-Qərb Mülk” MMC, “Şərq-Qərb Nəşriyyat Evi” MMC və “Qlobal East West” MMC də yerləşir. Bu ünvanda vaxtı ilə 4 nömrəli Bakı Kitab Mətbəəsi fəaliyyət göstərib. 2001-ci ildə özəlləşdirilərək “Şərq-Qərb” ASC-yə çevrilib. “Şərq-Qərb” ASC-nin səhmlərinin 96%-i Mehdiyev Teymur Ramiz oğluna məxsusdur. Reyestr məlumatlarında Mehdiyev Teymur Ramiz oğlunun qeydiyyat ünvanı Bakı şəhəri İstiqlaliyyat küç., ev 9, m. 31 göstərilir ki, həmin ünvanda həm də Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyev qeydiyyatdadır. R.Mehdiyevin oğlu general-mayor Teymur Mehdiyev Fövqəladə hallar nazirinin müavini olub. Bir neçə il əvvəl Hesablama Palatası Baş Prokurorluğa müraciət edib ki, 2019-cu ildə AMEA ilə “Şərq-Qərb” ASC arasında imzalanan 10,4 milyon manatlıq müqavilədə cinayət tərkibi olduğu üçün istintaq başlatsınlar. Hesablama Palatasının haqqında bəhs etdiyi müqavilə imzalanan zaman Ramiz Mehdiyev AMEA-nın prezidenti olub.

 

Cabir

Tarix: 9 Dekabr 2025, 11:40   
Seçilən
10
pravda.az

1Mənbələr