"2026-2029-cu illəri əhatə edən növbəti ortamüddətli dövr ölkə qarşısında yeni strateji çağırışlar və hədəflər formalaşdırıb".
"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, bunu bu gün parlamentin plenar iclasında çıxış edən Baş nazir Əli Əsədov bildirib.
Baş nazir qeyd edib ki, Dünya İqtisadi Forumunun 2025-ci il üzrə Qlobal Risk Hesabatında sadalanan qlobal risklərə baxmayaraq, cari ilin 11 ayında Azərbaycanın makroiqtisadi göstəriciləri dayanıqlı olub. Əsas müsbət göstəricilər kimi güclü xarici balans, aşağı dövlət borcu və suveren fondun böyük aktivləri vurğulanıb.
Əsədov bildirib ki, cari ilin 11 ayında Ümumi Daxili Məhsul (ÜDM) 1,6 faiz artıb. Qeyri-neft-qaz sektorunda 3,2 faiz artım müşahidə olunub, neft-qaz sektorunda isə 1,8 faiz azalma qeydə alınıb. İqtisadi artımın nisbətən zəifləməsi neft hasilatının obyektiv səbəblərlə aşağı düşməsi ilə izah olunur.
Baş nazir həmçinin ölkənin strateji valyuta ehtiyatlarının ildən-ilə artdığını qeyd edib. Bu ilin əvvəlindən valyuta ehtiyatları 12,5 milyard dollar artaraq 83,5 milyard dollar təşkil edir ki, bu da manat ifadəsi ilə 142 milyard manatdır və 2025-ci ilin gözlənilən ÜDM həcmini üstələyir.
Afət Ziyadqızı