Gürcüstanın hakim Gürcü Arzusu partiyası parlamentə “Toplantılar və Təzahürlər haqqında” qanuna düzəlişlər təqdim edərək mitinqlərin keçirilməsi qaydalarını daha da sərtləşdirib.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, dəyişikliklərə əsasən, yolların bağlanmasına qoyulan mövcud qadağaya əlavə olaraq, mitinq iştirakçılarının sayı buna uyğun gəlmədikdə, piyada zolaqlarının “süni” bağlanmasına məhdudiyyət qoyulacaq.
Küçələrin piyada zolaqlarını avtomobillər, tikililər və ya digər əşyalarla bağlamaq da qadağan edilir.
Qanun layihəsinə görə, toplantıdan beş gün əvvəl Gürcüstan Daxili İşlər Nazirliyinə məlumat verilməlidir. Nazirlik tədbirin ictimai asayişə təhlükə yaratdığını və ya nəqliata və piyada hərəkətinə mane olduğunu qiymətləndirsə, təşkilatçılardan mitinqin yerini dəyişdirməyi tələb edə bilər.
Etirazçılar kütləvi şəkildə yolu və ya piyada zolağını bağlayarlarsa, Daxili İşlər Nazirliyi ərazini açmağı tələb edə bilər. Tələb 15 dəqiqə ərzində yerinə yetirilməsə, tədbir qanunsuz elan olunacaq.
Qeyd olunur ki, oktyabr ayında parlament inzibati və cinayət məcəllələrinə etirazların keçirilməsi qaydalarını pozanlara qarşı cəzaları sərtləşdirən düzəlişlər qəbul edib. Üzlərini maska ilə örtən, göz yaşartıcı qaz və ya digər zərərli maddələr daşıyan, az sayda etirazçı olduqda yolları bağlayan və ya müvəqqəti tikililər quran iştirakçılar üçün 15 günə qədər inzibati həbs, təşkilatçılar üçün 20 günə qədər həbs nəzərdə tutulub. Polis əmrinə tabe olmayan və silah, pirotexnika və ya digər zərər verə biləcək əşyalar daşıyanlar isə 60 günə qədər həbs edilə bilər.
Tbilisidə etirazlar 28 noyabr 2024-cü ildən bəri davam edir. Baş nazir İrakli Kobaxidze Gürcüstanın Aİ üzvlüyü ilə bağlı danışıqların başlanmasını 2028-ci ilə qədər təxirə salmaq qərarını elan edib. Nümayişçilər müntəzəm olaraq parlament binasının qarşısında toplaşır və prospektin kiçik bir hissəsini bir neçə saat bağlayırlar.