8 dekabr 2025-ci il tarixində Qarabağ Dirçəliş Fondunun sifarişi ilə hazırlanan “Qarabağın Dirçəlişi: Azərbaycan İntibahının Hekayəsi” innovativ kitab layihəsinin təqdimat mərasimi keçirilib.
Tədbirdə dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, Vətən uğrunda canlarını fəda edən şəhidlərin ailə üzvləri, Qarabağ müharibəsi iştirakçıları, Fondun donor və tərəfdaşları və media nümayəndələri iştirak ediblər.
İlk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, daha sonra Vətənin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Açılış nitqi ilə çıxış edən Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev “Qarabağın Dirçəlişi: Azərbaycan İntibahının Hekayəsi” kitabının əhəmiyyəti və hazırlanma prosesi ilə bağlı geniş məlumat verib.
Qeyd olunub ki, bu kitab Qarabağın tarixini, işğal dövrünü, azad olunmasını, bərpa prosesini və gələcəyə baxışını mətn, fotoşəkillər, eləcə də rəsmi şəxslərin, dövlət nümayəndələrinin və ekspertlərin müsahibələrini, o cümlədən doğma torpaqlarından didərgin düşmüş insanların xatirələrini də özündə birləşdirməklə geniş şəkildə işıqlandırır: “500-ə yaxın səhifəni əhatə edən “Qarabağın Dirçəlişi: Azərbaycan İntibahının Hekayəsi” sadəcə bir kitab deyil - mətn, fotoşəkillər və interaktiv rəqəmsal materiallarla zənginləşdirilmiş, Qarabağın dirçəliş hekayəsini oxucunun qarşısında bütün rəngləri ilə canlandıran bir salnamədir”.