AZ

Anar Cabbarov: "Sosial sahəyə yönəldilən vəsaitlərə vergi güzəştləri tətbiq olunur"

Dövlət–Özəl Sektor–QHT Platforması çərçivəsində keçirilən Forumun I panelində Dövlət Vergi Siyasəti Baş İdarəsi, Vergi qanunvericiliyinin tətbiqi şöbəsinin baş dövlət vergi müfəttişi Anar Cabbarov çıxış edib.

QHT.az xəbər verir ki, o bildirib ki, mütəmadi olaraq müxtəlif maarifləndirici və işgüzar tədbirlər həyata keçirilir və bu tədbirlərdə əsasən vergi qanunvericiliyində aparılan dəyişikliklər, inzibatçılıq proseslərinin sadələşdirilməsi, həmçinin vergi inzibatçılığının təkmilləşdirilməsi məsələləri müzakirə olunur. Bütün bu dəyişikliklərin əsas məqsədi vergi ödəyiciləri üçün daha şəffaf, rahat və anlaşılan idarəetmə sisteminin formalaşdırılmasıdır.

Anar Cabbarov xüsusilə sosial sahə ilə bağlı vergi güzəştlərinə toxunaraq bildirib ki, 2019-cu il yanvar ayının 1-dən etibarən Vergi Məcəlləsinə 106.18-ci maddə əlavə olunub və həmin tarixdən bu günə qədər bu maddəyə bir neçə dəfə dəyişiklik edilib:

"Maddədə nəzərdə tutulan güzəşt müddətinin başa çatmasına baxmayaraq, qanunvericiliyə edilən dəyişikliklərlə güzəşt müddəti uzadılıb.Həmin maddəyə əsasən hüquqi şəxslər tərəfindən hesabat dövrü üzrə xalis mənfəətin 40 faizindən çox olmayan hissəsinin Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş səhiyyə, təhsil, idman, mədəniyyət sahəsində fəaliyyət göstərən müəssisə, idarə və təşkilatlara, eləcə də Azərbaycan Respublikasının Prezidentinin Fərmanı əsasında yaradılmış ictimai və sosial məqsədli fondlara köçürülən hissəsi beş il müddətinə mənfəət vergisindən azad edilir. Elm, təhsil, səhiyyə, idman və mədəniyyət sahəsində fəaliyyət göstərən müəssisələrin meyarları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 12 mart tarixli 8 nömrəli qərarı ilə təsdiq olunub və həmin qərarda hər bir sahə üzrə konkret meyarlar müəyyən edilib. Vergi güzəştlərindən yararlanmaq üçün əsas şərtlərdən biri vəsaitin məhz bu meyarlara cavab verən qurumlara köçürülməsidir və əks halda güzəşt hüququndan istifadə etmək mümkün olmur".

Anar Cabbarov əlavə edib ki, ödənişlər həyata keçirilən zaman ödəniş tapşırığında mütləq şəkildə vəsaitin hansı məqsədlə köçürüldüyü dəqiq qeyd olunmalıdır. Bu tələbin düzgün icrası həm vergi uçotunun, həm də şəffaflığın təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır:

"Dövlət Vergi Xidməti daim ictimaiyyətin, sahibkarlıq subyektlərinin və vergi ödəyicilərinin təkliflərinə açıqdır. Onun sözlərinə görə, müxtəlif dövlət qurumlarından, özəl sektor nümayəndələrindən daxil olan qanunvericiliyin dəyişdirilməsi ilə bağlı təkliflər mütəmadi olaraq ümumiləşdirilir, dəyərləndirilir və məqsədəuyğun hesab edilən dəyişikliklər təsdiq edilir".

Seçilən
82
qht.az

1Mənbələr