AZ

Korrupsiyaya qarşı mübarizə dövlətçilik məsələsidir- ÖZƏL

Korrupsiyaya qarşı mübarizə dövlət siyasətinin prioritet istiqamətlərindədir, bu sahədə güclü siyasi iradə var və təsadüfi deyil ki, korrupsiyaya qarşı mübarizə ilə bağlı gördüyümüz işlər də həm də milli ideologiyamızın qorunması ilə bağlıdır. 
Ulu Öndər Heydər Əliyevin YAP-ın yaranmasının 6-cı ildönümü zamanı milli ideologiya ilə bağlı çıxışı zamanı bildirmişdir ki, dövlətçilik milli ideologiyanın 1-ci tərkib hissəsidir. Dövlətçilik hər biz vətəndaşımızın, cəmiyyətin və dövlətin əsas vəzifəsidir. 
Hər bir vətəndaş dövlətçilik maraqlarını öz şəxsi mənafeyindən, hər şeydən üstün tutmalıdır. 
Ulu Öndər istər sovet zamanı, istər də müstəqillik zamanı korrupsiyaya qarşı mübarizə aparmış, təyin etdiyi hər bir şəxsə ilk tövsiyəsi vəzifə səlahiyətlərində sui-istifadə etməməklə bağlı olmuşdur. O həmişə qeyd edib ki, dövlətçiliyin möhkəmliyi onun təmizliyindən keçir. 
Məhz bu dövlətçilik prinsipi çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə korrupsiyaya qarşı mübarizə növbəti mərhələyə keçid etmiş, həyata keçirilən tədbirlər sistem və kompleks xarakter daşımışdır. 
Beynəlxalq standartlara uyğun təkmil qanunvericilik bazası, bu sahədə ixtisaslaşmış qurumların səmərəli fəaliyyəti, həyata keçirilmiş hüquq-mühafizə tədbirləri, elektron hökumət portalı və ən əsası "ASAN Xidmət" modeli bu sahədə əldə etdiyimiz uğurlardandır. 
Azərbaycan Prezidentinin beyin məhsulu olan "ASAN Xidmət" insanların dövlət xidməti sahəsində, aşkarlıq sahəsində təfəkküründə inqilab yaratdı, Azərbaycan gənclərinin dövlətçiliyə töfhəsində yeni imkanlar təmin etdi, bilavasitə milli ideologiyamızın güclənməsinə xidmət etdi. 
Cənab Prezident cari ilin noyabr ayında bir neçə rayona təyin edilən icra başçılarına təlimatlarını verərkən açıq formada bildirdi ki, korrupsiyaya düçar olan, özünü apara bilməyən, ifrat təkəbbürlük göstərən vəzifəli şəxslər təkcə öz nüfuzlarına yox, dövlətçiliyə zərər vurur. 
Təəssüf ki, biz bəzi hallarda xüsusilə mərkəzi icra hakimiyyəti orqanlarında rəhbər şəxslərin yüksək vəzifələrə yaxın qohum-əqrabalarını, dostlarını, ətrafını təyin etmələri ilə bağlı iddialar eşidirik. Peşəkar və təcrübəli kadrların dövlət qulluğundan uzaqlaşdırılmasını eşidirik. 
Ancaq bu məsələdə də cənab Prezidentin mövqeyi aydındır. 
O dəfərlərlə bildirib ki, kadr siyasətində etibarlı, peşəkar və mənəvi cəhətdən təmiz kadrları seçmək lazımdır. 
Buradakı etibarlı elementi onların dövlətçilik üçün, milli ideologiya üçün etibarlılığını göstərir. Etibarlılıq bəzi məmurların şəxsi komfortu, özünüqorumaq instinkti və ya potensial cinayəti üçün deyil. 
Ona görə də dövlət orqanlarının rəhbərləri çalışarkən daxildə elə bir kadr idarəetmə sistemi yaratmalıdır ki, ən ucqar kənddə işləyən, yüksək bilik və bacarıq nümayiş etdirən gənc zamanla mərkəzi aparata, dövlət orqanın rəhbər vəzifələrinə qədər gəlib çıxa bilsin. Həmin sistem o qədər etibarlı olsun ki, dövlət qurumunun rəhbərinin dəyişməsindən asılı olmayaraq, həmin kadrlar öz fəaliyyətlərini uğurla davam edə bilsinlər. 
Bu isə dövlətçiliyimizin sistemliyi və yaşaması üçün ən mühüm amillərdəndir. 
Ona görə də korrupsiya qarşı mübarizə bizim üçün təkcə hüquqi məsələ deyil, dövlətçilik məsələsidir, milli ideologiya məsələsidir, azərbaycaçılıqdır. Çünki Ulu Öndər Heydər Əliyevin təqdim etdiyi "Azərbaycançılıq" anlayışı təmiz dövlət deməkdir, güclü dövlət deməkdir, vətəndaşın dövləti deməkdir.

Kamil Cəfərov
Milli Məclisin deputatı

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
53
olaylar.az

1Mənbələr