AZ

“Kasımpaşa”da ikinci Arveladze dönəmi başa çatdı

Türkiyə çempionatından yenə məşqçilərlə bağlı xəbərlər var.

Əvvəlcə növbəti məşqçi dəyişikliyi barədə danışaq. “Kasımpaşa” Şota Arveladze ilə yolları ayırmağa qərar verib. Bu klub cari mövsüm “Beşiktaş” və “Fənərbaxça” kimi nəhənglərdən xal almasına baxmayaraq, ümumilikdə zəif çıxış edir. İstanbul təmsilçisi 14 tura cəmi 13 xal toplayaraq 14-cü pillədə qərarlaşıb. Son turda evdə “İstanbul BŞ” önündə qeydə alınan 1:3 hesablı məğlubiyyət Arveladzenin sonunu hazırladı.

Bu, gürcüstanlı mütəxəssisin klubdakı ikinci dönəmi idi. İlk dəfə o, məşqçi karyerasının əvvəllərində - 2012-15-ci illərdə “Kasımpaşa”nı çalışdırmışdı. Beləcə onun ilk dönəmi 3 ilə yaxın davam etmişdisə, ikinci dönəmi cəmi 5 ay çəkdi. Arveladzenin xələfi artıq bəllidi - Əmrə Belözoğlu. Bu məşqçi klubun bazasında keçirilən imza mərasimində ilyarımlıq müqaviləyə imza atıb. Daha öncə “İstanbul BŞ” ilə “Ankaragücü”nü çalışdıran 45 yaşlı Belözoğlu cari mövsümə “Antalyaspor”da başlamışdı. Amma uğursuz nəticələr üzündən 8-ci turda istefa vermişdi. Bununla da 2025/26-da superliqada məşqçi dəyişikliyinə gedən klubların sayı 12-yə çatdı! “Kasımpaşa”dan başqa “Qaziantep”, “Beşiktaş”, “Fənərbaxça”, “İstanbul BŞ”, “Eyüpspor”, “Kayserispor”, “Antalyaspor”, “Gənclərbirliyi”, “Fatih Karagümrük”, “Çaykur Rizəspor” və “Konyaspor” da məşqçi dəyişikliyinə gedib. Elitanın yalnız 6 klubu – “Qalatasaray”, “Trabzonspor”, “Göztəpə”, “Samsunspor”, “Kocaelispor” və “Alanyaspor” mövsümə başladığı məşqçi ilə yola davam edir. İlk dövrə bitmədən belə mənzərənin ortaya çıxması həqiqətən də acınacaqlı haldı.

Bu arada “Çaykur Rizəspor”dakı yeni təyinat barədə də məlumat verək. Bu komandanın İlhan Palutla yolları ayırandan sonra Abdulla Avcı ilə anlaşmaq üzrə olduğu xəbər verilirdi. Amma bu, Türkiyə mətbuatının uydurmasıymış. Əslən Rizədən olan Avcı rəhbərlikdən heç kimlə görüşmədiyini bildirərək kluba gələcəkdə uğurlar arzulayıb. Baş məşqçi postuna isə Rəcəp Uçar gətirilib. 50 yaşlı mütəxəssislə ilyarımlıq müqavilə imzalanıb. Uçar sonuncu dəfə “Konyaspor”u çalışdırmış və təxminən bir ay əvvəl klubdan ayrılmışdı. Təsadüfə bax ki, bu məşqçi yeni klubunun başında ilk rəsmi oyununu səfərdə məhz “Konyaspor”a qarşı keçirəcək.

Seçilən
17
1
football-plus.az

2Mənbələr