Bakı, 9 dekabr, AZƏRTAC
Azərbaycan-Slovakiya əlaqələrinin formalaşması müstəqilliyin ilk illərinə təsadüf etsə də, 2019-cu ildən etibarən bu münasibətlər daha sistemli və şaxələnmiş şəkildə inkişaf edir. 2024-cü ilin may ayında isə Bakı şəhərində iki ölkə arasında imzalanan Strateji Tərəfdaşlığın Qurulması haqqında Birgə Bəyannamə qarşılıqlı münasibətlərin inkişafını daha da stimullaşdıraraq, münasibətləri yeni səviyyəyə qaldırıb. Artıq iki ölkə arasında konkret sahələr üzrə münasibətlərin inkişafı nəzərə çarparaq uzunmüddətli perspektivlər vəd edir. Təbii ki, Azərbaycan Prezidentinin Slovakiyaya rəsmi səfəri də iki ölkə arasında münasibətlərin daha intensiv və genişəhatəli inkişafına öz töhfəsini verəcək.
Azərbaycan-Slovakiya münasibətlərini AZƏRTAC-a şərh edən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin şöbə müdiri, iqtisad elmləri doktoru Aqil Əsədovun fikrincə, istənilən iki ölkə arasında münasibətlərin inkişafı ali şəxslərin dostluq münasibətlərindən çox asılıdır və bu mənada Azərbaycan-Slovakiya münasibətləri də həm müxtəlif sahələri əhatə edəcək, həm də uzunmüddətli perspektivlər vəd edir.
“İlk növbədə, Slovakiya Avropa İttifaqının (Aİ) bir üzvü kimi Azərbaycandan təbii qaz alan, Azərbaycan qazının Avropa bazarlarına çıxışında rol oynayan bir tərəfdaşdır. Məlum olduğu kimi, Azərbaycan Cənub Qaz Dəhlizi (TANAP/TAP) vasitəsilə də Avropanın enerji təhlükəsizliyində əhəmiyyətli rol oynayır. Hazırda illik 25 milyard kubmetr təbii qaz ixracının təxminən yarısı Avropa bazarlarına çıxarılır. Qeyd edək ki, Aİ-nin 8 üzvü Azərbaycan təbii qazının alıcısıdır. 2024-cü ildə Slovakiyanın neft emalı zavodunda Azərbaycan neftinin ilk partiyası emal edilib ki, bu da ikitərfli münasibətlərin inkişafı üçün mühüm məsələdir”, - deyə o qeyd edib.
A.Əsədov diqqətə çatdırıb ki, Slovakiya İT sahəsinin, rəqəmsallaşmanın, süni intellekt və data mərkəzlərinin inkişaf etdiyi bir ölkədir və bu sahələrin ciddi enerji təminatına ehtiyacı var: “Yaxın gələcəkdə Azərbaycan Slovakiyaya elektrik enerjisi ixrac edə bilər. Ölkəmizdə 2030-cu ilə qədər alternativ enerji mənbələrindən 8 qiqavata qədər enerji istehsalı nəzərdə tutulur ki, bunun da əsas hissəsi ixraca yönəldiləcək”.
Şöbə müdirinin fikrincə, Azərbaycan-Slovakiya iqtisadi münasibətləri, yalnız enerji sektoru ilə bağlı deyil, daha genişəhatəlidir.
“Slovakiya transmilli şirkətlərin investisiyalarını cəlb edərək, “Volkswagen”, “Kia” və s. bir sıra avtomobillərin istehsalı sahəsində Avropada lider ölkəyə çevrilib ki, bu da gələcəkdə əməkdaşlıq imkanları vəd edir. Ən əsası dünyanın transmilli şirkətlərinin investisiya yatırması Slovakiyanın stabil, Aİ daxilində öz milli maraqları naminə ardıcıl siyasət yürüdən etibarlı tərəfdaş kimi qəbul edilə bilər. Hansı ki, Azərbaycan dövləti də məhz stabilliyin, sabitliyin, düşünülmüş və ardıcıl siyasi qərarların sayəsində dünya dövlətlərinin, investorlarının diqqətini cəlb edir. Yəni, bu iki ölkə arasında münasibətlərin inkişafı üçün mühüm amillərdəndir”,- deyə o qeyd edib.
Aqil Əsədov bildirib ki, Azərbaycan-Slovakiya münasibətləri işğaldan azad edilmiş ərazilərin bərpasına da öz töhfəsini verməkdədir: “Ağdamın Baş Qərvənd kəndində fərdi yaşayış evlərinin tikintisi ilə bağlı Slovakiya şirkəti ilə müqavilə bağlanılıb və şirkət artıq tikinti işlərinə başlayıb.
Azərbaycan-Slovakiya münasibətlərində uzunmüddətli perspektivlər vəd edən sahələrdən biri də müdafiə sənayesi sahəsidir. Hər zaman sülhpərvər siyasət yürüdən Azərbaycan dövlətinin investisiyaları ilə Slovakiya müdafiə sənayesinin birliyi daha uğurlu nəticələr əldə etməyə imkan yarada bilər.
İki ölkə arasında iqtisadi münasibətlərin mühüm istiqamətlərindən birini də nəqliyyat-logistika layihələrində əməkdaşlıq təşkil edir. Belə ki, Slovakiya dövləti bir neçə ildir Azərbaycanın iştirakı ilə reallaşan beynəlxalq nəqliyyat layihələrində iştirak edir. Xüsusilə Orta dəhliz imkanlarının daha da genişləndirilməsi ilə bağlı əməkdaşlıq etməkdədir. İki dövlət arasında əlaqələrin daha da genişləndirilməsi üçün nəqliyyat layihələrinə də birgə əlavə vəsait qoyuluşu nəzərdə tutulub ki, bu da ikitərəfli münasibətlərin inkişafına ciddi dəstək verəcək.
Ümumiyyətlə, dövlət başçısının Slovakiyaya ilk rəsmi səfəri, bu ilin noyabr ayında Slovakiya rəsmilərinin Azərbaycana səfəri, müxtəlif beynəlxalq tədbirlərdə dövlət başçılarının apardığı müzakirələr, iki ölkə arasında strateji tərəfdaşlığa dair müvafiq sənədin imzalanması Azərbaycan-Slovakiya münasibətlərinin gələcəkdə daha sürətlə inkişaf edəcəyinə əminlik yaradır”.