AZ

Parlament diplomatiyası dövlətlər arasında əlaqələrin qurulmasında mühüm rol oynayır- ÖZƏL

"Dövlətlərarası münasibətlərin inkişafında siyasi iradə ilə yanaşı, qanunverici orqanların, parlamentlərin rolu danılmazdır. Dekabrın 8-də Milli Məclisdə baş tutan görüş də məhz bu həqiqətin bariz nümunəsidir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib: "Milli Məclisin sədri Sahibə Qafarovanın İran İslam Respublikasının xarici işlər naziri cənab Seyid Abbas Əraqçinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə keçirdiyi görüş, iki qonşu ölkə arasında mövcud əlaqələrin inkişaf istiqamətlərini və gələcək imkanlarını dəyərləndirmək üçün əhəmiyyətli bir müzakirə meydanı oldu.
Sevindirici haldır ki, bu il ərzində həm dövlət başçıları səviyyəsində, həm də dövlət qurumları arasında  həyata keçirilən qarşılıqlı səfərlər əlaqələrimizin intensivliyini artırıb. Görüş zamanı xüsusi vurğulandığı kimi, siyasi-iqtisadi, ticarət və nəqliyyat sahələrindəki əməkdaşlıq gündəliyimiz olduqca zəngindir. Xüsusilə Şimal-Cənub Nəqliyyat Dəhlizi kimi beynəlxalq əhəmiyyət daşıyan layihələrin həyata keçirilməsi istiqamətində Azərbaycan və İranın birgə fəaliyyəti regionun tranzit imkanlarını daha da artırır.
Parlament diplomatiyası bu gün dövlətlər arasında əlaqələrin qurulmasında və inkişafında mühüm rol oynayır. İstər ikitərəfli dostluq qrupları, istərsə də nüfuzlu beynəlxalq platformalar çərçivəsindəki birgə fəaliyyətimiz, diplomatik münasibətlərin daha da dərinləşməsinə zəmin yaradır.
Cənab Prezident İlham Əliyevin qəbulunda olduğu kimi, Milli Məclisdəki görüşdə də səmimi və konstruktiv mühitin hökm sürməsi, tərəflərin dialoqa və əməkdaşlığa verdiyi önəmin göstəricisidir. İnanıram ki, bu səfər və aparılan müzakirələr bölgəmizdə sülhün, sabitliyin və rifahın təmin olunmasına öz müsbət töhfəsini verəcək və inkişafımızı artıracaqdır.
Unutmamalıyıq ki, dövlətlərarası inkişafın üç əsas formulu vardır,güclü dövlət, güclü parlament və etibarlı tərəfdaşlıq. Bu gün Azərbaycan həm güclü dövlətdir, həm güclü parlamenti var, həm də həmişə etibarlı tərəfdaş kimi tanınıb. Eyni zamanda, İran İslam Respublikası da bu prinsipləri özündə cəmləşdirən ölkələrdəndir. Buna görə də demək olar ki, iki ölkə arasında əməkdaşlığın və inkişafın daha da genişlənməsi qaçılmazdır. Şükürlər olsun ki, Cənab Prezidentin rəhbərliyi altında ölkəmiz davamlı tərəqqi yolundadır.Allahdan diləyimiz odur ki, dövlət başçımızı daim qorusun və ölkəmizi daha da qüdrətli etsin".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
46
olaylar.az

1Mənbələr