Dövlət–Özəl Sektor–QHT Platforması çərçivəsində keçirilən Forumun I panelində KOBİA DOST Mərkəzinin direktoru Anar Yusifzadə çıxış edərək sahibkarlar üçün mövcud dövlət dəstək mexanizmləri barədə məlumat verib.
QHT.az xəbər verir ki, o bildirib ki, vətəndaş cəmiyyəti nümayəndələrinin və sahibkarların dövlət dəstək proqramları barədə bəzən kifayət qədər məlumatı olmur və bu səbəbdən KOBİA bütün kommunikasiya kanalları vasitəsilə bu dəstəkləri daim ictimaiyyətə çatdırmağa çalışır:
"Əsas dəstək istiqamətləri maliyyə mənbələrinə çıxış, qrant layihələri, bazar araşdırması, bilik və inkişaf, eləcə də bazarlara çıxışdır. Qrant layihələri ildə iki dəfə keçirilir, hər il təxminən 300 müraciət daxil olur və onların arasından 20 iştirakçı seçilir. Seçim prosesi xüsusi komissiya tərəfindən aparılır və artıq bir çox sahibkar bu qrantlardan yararlanıb. Mikro sahibkarlar üçün bazar araşdırmasının 80 faizi, kiçik sahibkarlar üçün isə 50 faizi dövlət tərəfindən qarşılanır. Bu mexanizm səhv investisiya qərarlarının qarşısını almağa xidmət edir".
Direktor vurğulayıb ki, KOB İnkişaf Mərkəzləri vasitəsilə sahibkarlara biznes planların hazırlanması və banklara müraciət üçün sənədləşmə üzrə tam ödənişsiz dəstək göstərilir. Bundan başqa, yerli və xarici sərgilərdə iştirak üçün də sahibkarlara dəstək mexanizmləri tətbiq olunur.
Sonda Anar Yusifzadə sahibkarları KOBİA-nın təqdim etdiyi dəstək imkanlarından daha fəal istifadə etməyə çağırıb.