
Kamboca ilə Taylandın sərhəd bölgəsində baş verən toqquşmalar nəticəsində 50 mindən çox kambocalı evlərini tərk etməyə məcbur olub.
AFN.az xəbər verir ki, ölkənin İnformasiya Nazirliyinin açıqlamasına görə, 4 vilayətdən olan 16 568 ailə, yəni 54 550 nəfər təhlükəsiz ərazilərə köçüb.
9 dekabrda Tayland Silahlı Qüvvələrinin Pausat vilayətindəki mülki əraziləri atəşə tutduğu, artilleriya qurğularından (105 mm və 155 mm) istifadə etdiyi bildirilib. "Khmer Times" yazır ki, Tayland Hərbi Hava Qüvvələrinin F-16 qırıcısı Samroung şəhərinə – Oddar-Miənçəyi vilayətinin inzibati mərkəzinə – bomba zərbələri endirib. Hücum nəticəsində binalar və infrastruktur obyektləri dağılıb.
Kamboca Müdafiə Nazirliyinin məlumatına görə, toqquşmalar zamanı ən azı 7 mülki şəxs həlak olub, 20 nəfər ciddi yaralanıb.
Sərhəddə silahlı qarşıdurmalar 7 dekabrda başlayıb. Tayland Krallığı ordusunun məlumatına görə, Kamboca qüvvələri səhər saatlarında Tayland mövqelərini artilleriya atəşinə tutub. Hava qüvvələri cavab olaraq Kamboca hərbi infrastrukturuna zərbə endirib.
Tayland Xarici İşlər Nazirliyinin mətbuat katibi Nikondet Phalangkun bildirib ki, Tayland sərhəd bölgəsində Kamboca ilə hərbi qarşıdurmanı suverenlik və ərazi bütövlüyünə təhlükə aradan qalxana qədər davam etdirəcək.