Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dəfələrlə bəyan edib ki, İrəvan-Ankara münasibətlərinin normallaşması və dövlət sərhədinin açılması prosesi yalnız Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi imzalandıqdan sonra başlayacaq. Türkiyə bu yanaşmasını dəyişməyəcək.
Bu sözləri erməni politoloq Ruben Safrastyan deyib.
O xatırladıb ki, Rusiyanın regiondakı rolu zəifləyib, Türkiyənin təsiri isə artıb:
“Buna görə də Ermənistanlq Azərbaycan arasında sülh müqaviləsinin tezliklə imzalanması Türkiyə tərəfinin marağındadır”.
O zaman ortaya bir sual çıxır: Bu yanaşma Ermənistan-Türkiyə münasibətlərinə necə təsir edəcək və regionda balans dəyişiklikləri baxımından hansı nəticələr gözlənilir?
Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan siyasi ekspert Asif Şəkərli qeyd edib ki, Ankara üçün prioritet məsələ Azərbaycanın ərazi bütövlüyünün tam şəkildə təmin olunmasıdır:
“Türkiyə hesab edir ki, Ermənistan beynəlxalq hüquqa uyğun olaraq Azərbaycanın suveren ərazilərini qeyd-şərtsiz tanımalı, bütün ərazi iddialarından geri çəkilməli və Bakı ilə hüquqi baxımdan bağlayıcı sülh müqaviləsi imzalamalıdır.
Bu şərtlər yerinə yetirilmədən bölgədə davamlı sabitlikdən danışmaq mümkün deyil. Eyni zamanda Türkiyə Ermənistan qarşısında öz milli maraqlarına uyğun tələblər irəli sürür.
Ankara üçün vacib şərtlərdən biri də Ermənistanın Türkiyənin ərazi bütövlüyünü tanıması və Ankara əleyhinə irəli sürülən tarixi-siyasi ərazi iddialarına son qoymasıdır.
Bu baxımdan, sərhədin açılması yalnız texniki və ya iqtisadi məsələ deyil, geniş təhlükəsizlik və siyasi kontekstin tərkib hissəsidir.
Ekspertin sözlərinə görə, bu mövqe Ermənistan–Türkiyə münasibətlərinə birbaşa təsir göstərir:
“Ermənistan üçün aydın mesaj verilir: Türkiyə ilə normallaşma yolu Azərbaycanla sülh prosesindən keçir.
Bu yanaşma İrəvanın regional siyasətdə manevr imkanlarını məhdudlaşdırmaqla yanaşı, onu yeni geosiyasi reallıqları qəbul etməyə vadar edir.
Regional balans baxımından isə Türkiyənin bu siyasəti Azərbaycan–Türkiyə strateji müttəfiqliyini daha da gücləndirir və Cənubi Qafqazda yeni güc nisbətlərinin formalaşmasına səbəb olur. Sülh müqaviləsinin imzalanması halında bölgədə kommunikasiyaların açılması, iqtisadi əməkdaşlığın genişlənməsi və sabitliyin möhkəmlənməsi üçün real imkanlar yaranacaq. Türkiyənin mövqeyi qısamüddətli siyasi manevrlərdən deyil, uzunmüddətli regional təhlükəsizlik və strateji maraqlardan qaynaqlanır.
Ermənistan üçün regionda tamhüquqlu iştirakın yolu sülh, ərazi bütövlüyünün tanınması və qonşu ölkələrlə iddialardan imtina etməkdən keçir”.