AZ

Rur Universitetinin laboratoriya direktoru: Azərbaycan yaşıl hidrogen istehsalında müqayisəli üstünlüyə malikdir

Bakı, 9 dekabr, Ceyhun Xəlilov, AZƏRTAC

Texnoloji dəyişikliklər Azərbaycan üçün həm yeni imkanlar, həm də risklər yaradır. Eyni zamanda, nəzərə almalıyıq ki, neft və qaz ehtiyatları tükənən sərvətlər qrupuna daxildir. Bu reallıq isə Azərbaycan kimi ölkələri qeyri-neft sektoruna daha fəal şəkildə investisiya qoymağa və iqtisadiyyatı şaxələndirməyə yönəldir. Belə bir vəziyyətdə isə ən rasional yol şaxələndirmə strategiyasıdır.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Beynəlxalq Ədalətli Enerji Keçidi layihəsinin və Almaniyanın Rur Universitetinin Enerji Keçidi Laboratoriyasının icraçı direktoru, iqtisadçı alim Elxan Sadıxzadə söyləyib.

O bildirib ki, bu strategiya yeni sənaye sahələrinin, xüsusilə ofşor külək parkları, Günəş enerjisi və ümumilikdə bərpaolunan enerji istehsalının genişləndirilməsinin dəstəklənməsini nəzərdə tutur.

“İqtisadi terminlərlə desək, Azərbaycan yaşıl hidrogen istehsalında müqayisəli üstünlüyə malikdir. Bu, Azərbaycanın Mərakeş, Misir, Cənubi Afrika və Namibiya kimi perspektivli istehsalçılarla xərc və infrastruktur baxımından rəqabət apara bilməsi deməkdir. Bu kontekstdə Avropa İttifaqı ilə sıx əməkdaşlıq, Avropa enerjisisteminə inteqrasiya böyük fürsətlər yarada bilər. Çünki Avropa İttifaqı yaşıl enerji üçün ən cəlbedici bazardır. Coğrafi yaxınlığımız və mövcud qaz kəməri infrastrukturu isə Azərbaycanın ixrac imkanlarını gücləndirir”, - deyə alim vurğulayıb.

Seçilən
93
azertag.az

1Mənbələr