AZ

Avropa Komissiyası “Google”un süni intellekt sahəsində rəqabət qaydalarını pozub-pozmadığını araşdıracaq

Berlin, 9 dekabr, AZƏRTAC

Avropa Komissiyası “Google”un veb-nəşriyyatlardan və “YouTube” platformasında yerləşdirilmiş məzmundan süni intellekt məqsədilə istifadə etməklə Avropa İttifaqının rəqabət qaydalarını pozub-pozmadığını yoxlamaq məqsədilə rəsmi antiinhisar araşdırması başlatdığını açıqlayıb.

AZƏRTAC xəbər verir ki, araşdırma “Google”un nəşriyyatlara ədalətsiz şərtlər tətbiq edib-etmədiyini və ya özünə üstünlük verilmiş məzmun əldə etməklə süni intellekt modelləri inkişaf etdirən rəqib şirkətləri əlverişsiz vəziyyətə salıb-salmadığını müəyyənləşdirəcək. Xüsusilə “AI Overviews” və “AI Mode” xidmətləri üçün veb-məzmundan istifadə və “YouTube” məzmununun generativ süni intellekt modellərinin təlimində istifadəsi diqqət mərkəzində olacaq.

Komissiya yaradıcıların müvafiq kompensasiya alıb-almamasını və məzmun istifadə hüququnu rədd etmək imkanlarının təmin olunub-olunmadığını da araşdıracaq. Eyni zamanda, süni intellekt üzrə rəqib şirkətlərin “YouTube” məzmunundan istifadə imkanlarının məhdudlaşdırılıması ehtimalını da qiymətləndiriləcək.

Avropa Komissiyası araşdırma barədə “Google” şirkətini və üzv dövlətlərin rəqabət orqanlarını məlumatlandırıb.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Seçilən
35
azertag.az

1Mənbələr