Bakı, 9 dekabr, Aytac Haqverdiyeva, Azər İbrahimov, AZƏRTAC
“İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə – 2025” çərçivəsində keçirilən Qadınların Yaradıcı Forumu həm İslam dünyasına, həm də bütün dünyaya çox önəmli bir mesajdır. Çünki tarixə nəzər salsaq, qadınlara seçki hüququ verən ilk müsəlman ölkənin məhz Azərbaycan olduğunu görürük. Bu baxımdan bu forumun məhz Bakıda keçirilməsi, qadınlara söz, səhnə və təşəbbüskarlıq imkanı verilməsi olduqca rəmzi və bir o qədər də əhəmiyyətlidir.
Bu sözləri AZƏRTAC-a məxsusi müsahibəsində Almaniyanın mədəni turizm üzrə mütəxəssisi və mədəni irs nümayəndəsi Dalya Altuntəpə deyib.
“Mən artıq təxminən 10 ildir ki, mədəniyyət və turizm sahəsində fəaliyyət göstərirəm. İpək Yolu üzərində yerləşən ölkələrin Avropa bazarında tanıdılması, həmçinin mədəni irsinin qorunması istiqamətində layihələr hazırlayır, dövlət qurumları, qeyri-hökumət təşkilatları və özəl sektorla birgə əməkdaşlıq edirik”,- deyə mütəxəssis vurğulayıb.
O qeyd edib ki, yaradıcı sənətlərin inkişafında qadının rolu misilsizdir. Çünki istehsal və yaradıcılıq zamanla dəyişsə də, qadınlar təbiətləri etibarilə yeniliyə uyğunlaşma, yenidən formalaşdırma və mədəni irsi gələcəyə daşıma baxımından ön sıralardadır. “Bu səbəbdən bu gün burada səslərimizin bütün dünyaya çatdırılması məncə çox mühüm addımdır. Azərbaycanla əməkdaşlıq məsələsinə gəlincə, əlbəttə ki, biz bunu çox arzulayırıq. Azərbaycanın öz mədəniyyətinin və həmçinin regionun ortaq irsinin beynəlxalq arenada daha geniş şəkildə tanıdılması istiqamətində birgə layihələrin həyata keçirilməsinin çox faydalı olacağına inanırıq”,-deyə Dalya Altuntəpə əlavə edib.