Qırmızı ətin xərçəng riski yaratması ilə bağlı illərdir davam edən müzakirələrə aydınlıq gəlib. Bəs, ət həqiqətənmi xərçəngə səbəb olur?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən tibb üzrə fəlsəfə doktoru, həkim-onkoloq Fərid Museyibov bildirib ki, ətin özü xərçəng yaratmır, risk daha çox emal olunmuş ət məhsulları ilə bağlıdır.
Onun sözlərinə görə, həm dünya əhalisi, həm də Azərbaycan cəmiyyəti qırmızı ətə geniş yer versə də, burada yanlış təsəvvürlər mövcuddur:
“Ət xərçəng xəstəliyini yaratmır. Sadəcə emal olunmuş ətlər – kolbasa, sosiska və digər sənaye üsulu ilə hazırlanmış ət məhsulları xərçəng riskini artırır. Emal olunmuş qidalardan nə qədər uzaq olsaq, onkoloji xəstəliklərə tutulma ehtimalı da bir o qədər azalacaq”, – deyə həkim vurğulayıb.
F.Museyibov qeyd edib ki, əti tamamilə rasiondan çıxarmaq düzgün deyil, çünki onun tərkibi zülal və vacib vitaminlərlə zəngindir:
“Hər şey kimi, ət də miqdarında istifadə olunmalıdır. Gün ərzində 70 qramadək ət qəbul etmək tövsiyə olunur,” – həkim bildirib.
Onkoloq xüsusilə ultra emal olunmuş məhsulların tamamilə qida rasionundan çıxarılmasını tövsiyə edib.
Aynurə İsmayıl
KONKRET.az
