AZ

Şimali Kiprdə 10-cu Beynəlxalq Rumi Konfransı keçirilib

Bakı, 9 dekabr, AZƏRTAC

Lefkoşada Yaxın Şərq Universiteti Rumi Araşdırmaları Mərkəzinin və Xəzər Universiteti nəzdində fəaliyyət göstərən Mövlana Ədəbi-Fəlsəfi Araşdırmalar İnstitutunun (MƏFAİ) birgə təşkilatçılığı ilə 10-cu Beynəlxalq Rumi Konfransı keçirilib.

Bu barədə AZƏRTAC-a Xəzər Universitetindən məlumat verilib. “Mövlana baxış bucağından sülh və uzlaşma” mövzusuna həsr olunan beynəlxalq elmi toplantıya 12 ölkədən alim və tədqiqatçılar qatılıb.

Açılış mərasimində Yaxın Şərq Universiteti Rumi Araşdırmaları Mərkəzinin rəhbəri professor Qədir Golkarian çıxış edərək, Mövlana irsinin çağdaş dünyada dialoq, anlayış və mənəvi dirçəliş üçün xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.

Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor akademik Hamlet İsaxanlının konfransa göndərdiyi müraciət MƏFAİ-nin koordinatoru Fəridə Seyidova tərəfindən təqdim olunub. H.İsaxanlı müraciətində Rumi konfranslarının yalnız elmi diskurs deyil, həm də mənəvi platforma yaratdığını, imzalanmış memorandumun tərəflər arasında möhkəm elmi-mədəni tərəfdaşlığın əsasını qoyduğunu bildirib. O, həmçinin mərhum şərqşünas Nəzakət Məmmədlinin bu əməkdaşlığın formalaşmasındakı rolunu xüsusi qeyd edib və müasir dünyanın qeyri-sabitliyi şəraitində Mövlana təliminin – sevgi, mərhəmət və mənəvi kamillik ideyalarının aktuallığını önə çəkib.

Yaxın Şərq Universitetinin prorektoru professor Mustafa Kurt çıxışında universitetin təsəvvüf araşdırmalarına dəstəyini vurğulayıb və tədbirin müxtəlif ölkələrdən gəlmiş alimləri ortaq elmi və mənəvi platformada birləşdirdiyini qeyd edib.

Lefkoşa Şəhər Bələdiyyəsinin sədri Mehmet Harmancı isə belə bir beynəlxalq tədbirə ev sahibliyi etməyin şəhərin mədəni həyatına verdiyi töhfələrdən danışıb.

Açılış panelində professorlar Adnan Karaismailoğlu, Nuri Şimşəklər,Nimet Yıldırım və Mövlananın 22-ci nəsildən olan varisi Esin Çələbi Mövlana irsinin tarixi inkişafı, poetik sistemi, mənəvi psixologiyası və qlobal sufi ənənələrə təsiri barədə məruzələrlə çıxış ediblər.

Sonra “İrfani və sufi musiqisi” proqramı təqdim edilib.

Konfransın birinci günündə iki elmi sessiya keçirilib. Professor Nuri Şimşəklərin rəhbərlik etdiyi ilk sessiyada professor Esra Karabacak Ruminin metaforalarında sülh konsepsiyasını, professor Xuraman Hümmətova Şeyx Qalib divanında Mövlana təsirini, Muharrem Sayğın “Məsnəvi” və Əlişir Nəvai divanlarında dini metaforaların işlənməsini, Şəhanə Şahbazova Mövlananın ərəb şeirlərinin tematik və struktur xüsusiyyətlərini, professor Əsmətxanım Məmmədova isə eliziya hadisəsinin poetik-fonetik çalarlarını təhlil ediblər. Professor Adnan Karaismailoğlunun rəhbərlik etdiyi ikinci sessiyada dosent Şəbnəm Golkarian Mövlana yaradıcılığının memarlıqda inikası, dosent Xatirə Yusifova daxili hüzurdan ictimai barışa keçid modeli, Rəşad Həsənov Mövlana və Nəsimidə “məstlik” anlayışının poetik mahiyyəti, professor Lütfiyyə Əsgərzadə Ruminin Azərbaycan poeziyasına təsiri, Fidan Nəsirova nəfslə mübarizədə mənəvi qələbə ideyası, Fəridə Seyidova isə Gülşəninin Mövlanaya həsr etdiyi farsca divanının strukturu və poetikası haqqında danışıblar.

Konfransın ikinci günü professor Slobodan İliçin rəhbərlik etdiyi üçüncü sessiya ilə başlayıb. Sessiyada Neil Vatson Mövlananın və İsa peyğəmbərin təlimlərindəki mistik paralellərdən söz açıb. Yazıçı Bahman Şokouhi sufi düşüncəsi əsasında qurulan daxili dialoq mövzusunda məruzə edib. Dosent Nargiza Şoaliyeva Ruminin Özbək ədəbiyyatına təsirini, Xəzər Universitetinin əməkdaşı misirli alim Əhməd Sami Elyadi isə Mövlananın ərəb mədəni mühitinə təsirini araşdırıb. Professor Esra Karabacakın rəhbərlik etdiyi dördüncü sessiyada dosent Zöhrə Əliyeva Mövlana və Yunqun arxetiplərini, Məryəm Karaaziz və Emel Sunar Rumidə psixoloji böhranların çözümü ilə bağlı yanaşmaları, Məryəm Karaaziz və Sümeyra Yakar isə Jung və Mövlana paralellərində mənliyin inkişaf yolunu şərh ediblər. Dosent Aytac Zeynalova isə Mövlana ideyalarının sevgi və birlik fəlsəfəsi baxımından mənəvi-coğrafi xarakterini təqdim edib.

10-cu Beynəlxalq Rumi Konfransı Mövlana Cəlaləddin Ruminin irsinin müasir elmi kontekstlərdə yenidən dəyərləndirilməsinə, təsəvvüf, ədəbiyyat və fəlsəfə sahələri arasında əlaqələrin dərinləşməsinə, eləcə də müxtəlif ölkələrdən olan alimlər arasında mənəvi-intellektual körpülərin qurulmasına mühüm töhfə verən nüfuzlu beynəlxalq platforma kimi yadda qalıb.

Qeyd edək ki, ötənilki toplantısı Bakıda Xəzər Universitetinin ev sahibliyi ilə keçirilib.

 

Seçilən
43
azertag.az

1Mənbələr