ABŞ Prezidenti Donald Tramp bildirib ki, Rusiya Ukrayna münaqişəsinin həlli məsələsində daha güclü mövqeyə malikdir.
KONKRET.az bildirir ki, Politico-ya verdiyi müsahibədə o, Moskvanın aşkar üstünlük qazandığını vurğulayıb.
Tramp qeyd edib ki, onun prezidentliyi olmasaydı, “Üçüncü dünya müharibəsi başlaya bilərdi”.
Ağ Evin rəhbəri hesab edir ki, münaqişənin həllini çətinləşdirən əsas səbəb Rusiya və Ukrayna liderləri – Vladimir Putin və Volodimir Zelenski arasında “böyük nifrət”dir. Trampın sözlərinə görə, Ukrayna mövqelərini itirməkdədir və Zelenski “mövcud vəziyyəti olduğu kimi qəbul etməyə məcbur qalacaq”.
Tramp əlavə edib ki, Ukrayna Prezidenti hələ onun təqdim etdiyi son sülh planı ilə tanış olmayıb, baxmayaraq ki, bu təklif Zelenskinin ətrafı tərəfindən müsbət qarşılanıb.
ABŞ prezidenti onu da qeyd edib ki, Kiyevə maliyyə yardımı dayandırılıb. Bu qərar, Trampın fikrincə, Joe Baydenin “çox ağılsız şəkildə” Ukraynaya 350 milyard dollar ayırmasından sonra verilib.
Tramp “Ukrayna müharibəni uduzubmu?” sualına cavabında deyib ki, “Kiyev hələ o prezident olmamışdan əvvəl xeyli ərazi itirib”.
Müşviq Tofiqoğlu
KONKRET.az