AZ

Şəkili fermerlər indiyədək 5300 tondan çox quru tütün istehsal ediblər

Şəki, 9 dekabr, Mustafa Dadaşov, AZƏRTAC

Şəki rayonunun təsərrüfatlarında tütün yığımı yekunlaşmaq üzrədir. İndiyədək rayonda 5 min 308 ton quru tütün istehsal olunub. Qurudulmuş tütünün 5 min 267 tonu bu günədək istehsalçılar tərəfindən tədarük müəssisələrinə təhvil verilib və anbarlara yığılıb.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun böyük məsləhətçisi Nizami İsmayılov məlumat verib.

Qurum rəsmisi bildirib ki, bu il rayonun təsərrüfatlarında 1805,5 hektar sahədə tütün əkilib.

“Tütün əkini sahələri əvvəlki illə müqayisədə 204,5 hektar artıb. Şəkili fermerlər cari mövsümdə 1500 hektar sahədə “Virciniya botaniki”, 305,5 hektarda isə yerli tütün sortları yetişdiriblər. Mövsüm ərzində tütünçülük təsərrüfatlarında 2700-dən çox kənd sakininin məşğulluğu təmin olunub”, - deyə Nizami İsmayılov vurğulayıb.

Baş Göynük kəndindən olan fermer Seyidəli Abdullayev bu il rayon üzrə hamıdan çox - 324 hektarda tütün əkib. Fermer cari mövsümdə emal məntəqəsinə 3470 ton yaş tütün kütləsi təhvil verib.

Cumakənddən olan fermer Həsən Səfərov isə builki mövsümdə 154 hektarda tütün yetişdirib, O, emal məntəqəsinə 2930 ton yaş tütün təhvil verib.

Xatırladaq ki, ötənilki mövsümdə şəkili fermerlər 1601 hektar sahədən 4 min 528 ton quru tütün əldə ediblər.

 

Seçilən
128
azertag.az

1Mənbələr