
"Təhsilin keyfiyyəti problemi resurs çatışmazlığından daha çox insan kapitalının keyfiyyəti ilə bağlıdır və bu mənada Elm və Təhsil Nazirliyinin mövcud vəziyyəti açıq şəkildə ortaya qoyması sistemli islahatlar üçün doğru başlanğıcdır. Təhlil onu göstərir ki, müəllim amili təhsilin bütün komponentlərini – kurikulumun tətbiqini, dərsliklərin effektivliyini, qiymətləndirmənin obyektivliyini və şagird nailiyyətlərini birbaşa müəyyən edir. Nazir tərəfindən səsləndirilən 4500–5000 müəllim arasında aparılan qiymətləndirmədə cəmi təxminən 1000 nəfərin peşəkar tələblərə cavab verməsi faktı problemin miqyasını statistik olaraq da təsdiqləyir və bu, lokal deyil, struktur xarakterli məsələ olduğunu göstərir".
Mövzu ilə bağlı təhsil eksperti Kamran Əsədov Missiya.Az-a danışıb.
"Azərbaycan Respublikasının Təhsil haqqında” Qanununda təhsilin əsas məqsədi şəxsiyyətin hərtərəfli inkişafı, yaradıcı və tənqidi düşünən vətəndaş yetişdirilməsi kimi müəyyən olunub. Həmin qanunun müəllimlərin vəzifələri ilə bağlı maddələrində isə pedaqoji kompetensiya, peşəkarlıq və davamlı inkişaf birbaşa tələb kimi göstərilir. Mövcud statistik reallıq isə göstərir ki, normativ-hüquqi çərçivə ilə real məktəb mühiti arasında ciddi uyğunsuzluq var. Nazirliyin bu uyğunsuzluğu gizlətmədən etiraf etməsi və ictimai müzakirəyə çıxarması mühüm müsbət addımdır, çünki dünya təcrübəsində islahatlar məhz belə mərhələdən başlayır. Beynəlxalq müqayisələr bu yanaşmanın doğruluğunu təsdiqləyir. Məsələn, OECD ölkələrində müəllimlərin ilkin hazırlığına ciddi seleksiya tətbiq olunur. Finlandiyada pedaqoji ixtisaslara qəbul olunanların cəmi 10 faizi məzun ola bilir və müəllimlərin hamısı magistr səviyyəsində hazırlanır. Nəticədə PISA 2022 nəticələrində Finlandiya oxu savadlılığı və təhlil bacarıqları üzrə ilk onluqda yer alır. Sinqapurda müəllimlərin fəaliyyətinin keyfiyyəti davamlı qiymətləndirilir və zəif nəticə göstərənlər sistemdən kənarlaşdırılır və ya yenidən hazırlıq proqramlarına cəlb olunur. Azərbaycanın mövcud göstəriciləri ilə bu ölkələrin göstəriciləri arasındakı fərq, əslində, problem deyil, hədəf olaraq oxunmalıdır",-ekspert qeyd edib.
Ekspertin sözlərinə görə, nazirin ibtidai sinif müəllimlərinə xüsusi vurğu etməsi də təsadüfi deyil. UNESCO və Dünya Bankının hesabatlarına görə, şagirdlərin gələcək akademik nailiyyətlərinin 60 faizə qədəri məhz ibtidai təhsildə formalaşan baza bacarıqları ilə bağlıdır. Əgər bu mərhələdə oxu, yazı, məntiqi düşünmə və dil bacarıqları zəif qurulursa, sonrakı pillələrdə xərclənən resursların səmərəliliyi kəskin azalır. Bu baxımdan, ibtidai müəllimlərin ilkin hazırlığının prioritet elan edilməsi Elm və Təhsil Nazirliyinin strateji baxımdan düzgün qərarıdır. Dərsliklərlə bağlı səsləndirilən tənqidlər də reallığa əsaslanır. “Ümumi təhsil haqqında” dövlət standartlarında dərsliklərin şagirdin idrak fəaliyyətini inkişaf etdirməli olduğu açıq şəkildə qeyd olunsa da, mövcud dərsliklərin bir qismi hələ də məlumatyönümlü yanaşma üzərində qurulub. Nazirliyin dərsliklərin yalnız informasiya ötürən deyil, düşüncə formalaşdıran alətə çevrilməsi tələbini irəli sürməsi müasir təhsil fəlsəfəsi ilə tam uyğun gəlir. Bu, Finlandiya və Estoniya kimi ölkələrdə tətbiq olunan yanaşmanın açıq formada etirafıdır və ölkə üçün müsbət istiqamətlənmiş addımdır.
"Qiymətləndirmə məsələsində vurğulanan nəticəyönümlü mexanizmlər də sistemin zəif nöqtələrindən birinə işarə edir. Uzun illər formallıq üzərində qurulan qiymətləndirmə müəllimin real kompetensiyasını, şagirdin funksional savadlılığını ölçə bilməyib. Nazirliyin şəffaf, obyektiv və ölçülə bilən qiymətləndirmə sistemləri qurmaq niyyəti OECD-nin “Education 2030” çərçivəsində tövsiyə etdiyi yanaşmalarla üst-üstə düşür və bu, islahatların düzgün istiqamətdə getdiyini göstərir. Mənfi tərəf ondan ibarətdir ki, bu qədər açıq problemlər uzun illər vaxtında müdaxilə edilmədiyi üçün dərinləşib və onların aradan qaldırılması qısa müddətdə mümkün deyil. Müəllim hazırlığı, dərsliklərin yenilənməsi və qiymətləndirmə mədəniyyətinin dəyişməsi zaman, resurs və institusional sabitlik tələb edir. Lakin müsbət tərəf ondan ibarətdir ki, Elm və Təhsil Nazirliyi problemi ört-basdır etmir, statistik göstəricilərlə ictimaiyyətə təqdim edir və məsuliyyəti sistem səviyyəsində qəbul edir.
Texnoloji məzun bazasının genişləndirilməsi ilə bağlı vurğular da təhsilin gələcək istiqamətini göstərir. Dünya Bankının məlumatlarına əsasən, 2030-cu ilə qədər yeni iş yerlərinin 75 faizi texnologiya və rəqəmsal bacarıqlarla bağlı olacaq. Bu reallığı nəzərə alaraq, yalnız humanitar deyil, texnoloji ixtisaslar üzrə də keyfiyyətli müəllim və məzun hazırlamaq strateji zərurət kimi ortaya çıxır. Nazirliyin bu balansı açıq şəkildə ifadə etməsi ölkənin inkişaf prioritetləri ilə uzlaşır.
Hesab edirəm ki, səsləndirilən fikirlər təkcə tənqid deyil, düzgün diaqnoz və perspektivli yol xəritəsidir. Elm və Təhsil Nazirliyinin son illərdə müəllim amilini mərkəzə çəkməsi, açıq statistikalarla danışması və dünya təcrübəsinə söykənən islahat xətti müəyyən etməsi təhsildə keyfiyyətin real yüksəlişi üçün ciddi əsas yaradır. Bu yanaşma göstərir ki, sistem artıq problemi tanıyır, məsuliyyəti qəbul edir və onu mərhələli şəkildə həll etməyə hazırdır",-deyə Kamran Əsədov əlavə edib.
İlahə Qənbərli
Missiya.Az