Tbilisi, 9 dekabr, AZƏRTAC
Gürcüstanda birbaşa xarici investisiyaların (BXİ) artması biznes mühitinin sağlam və cəlbedici olduğunu göstərir.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf nazirinin müavini Vaxtanq Tsintsadze məlumat verib.
Onun sözlərinə görə, bu ilin üçüncü rübündə BXİ həcmi 2 dəfə artaraq 533,2 milyon dollara çatıb. Yanvar–sentyabr dövründə isə bu göstərici 11 faiz artaraq 1,296 milyard dollar təşkil edib.
Tsintsadze qeyd edib ki, Gürcüstan həm xarici, həm də yerli investorlar üçün etibarlı sərmayə məkanıdır və üçüncü rübdə ölkəyə ən çox investisiya yatıran ölkələr sırasında Azərbaycan liderlərdən biridir.
“Üçüncü rübün məlumatlarına əsasən, ən böyük investisiyalar ABŞ, İspaniya və Azərbaycandan olub. Bu da Gürcüstanın regional biznes mərkəzi kimi mövqeyini daha da gücləndirir”, – deyə nazir müavini bildirib.
Bildirib ki, artan sərmayələr əsasən su təchizatı və tullantıların idarə edilməsi, daşınmaz əmlak, nəqliyyat, maliyyə və sığorta, informasiya və rabitə sektorlarına yönəlib. Bu cür investisiyalar ortamüddətli dövrdə iqtisadi artıma birbaşa müsbət təsir göstərir. Hökumət məhz belə layihələrin həyata keçirilməsi üzərində aktiv işləyir və bu, növbəti illərdə ölkənin yüksək iqtisadi artımında öz əksini tapacaq.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi