AZ

Deputat: “Ola bilər, avtobus sürən qadın musiqiyə səs verib, amma dərhal qadınların üzərinə getməyin anlamı yoxdur”

“BakuBus”da fəaliyyət göstərən qadın sürücünün görüntüləri sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. Belə ki, sürücü ictmai nəqliyyatda yüksək səslə musiqi açaraq nəqliyyatı idarə edib. Onun videosu sosial şəbəkələrdə qınaqla qarşılanıb. Xatırladılıb ki, “BakuBus”larda yüksək səsdə musiqi ilə bağlı sərnişinlər üçün xəbərdarlıq lövhəsi vurulub. İctimai nəqliyyatda belə hal yolverilməzdir. Bir çoxları qadın sürücülərlə bağlı qərar verilərkən müsbət qarşıladıqlarını, artıq nizam-intizam yaranacağına, qəzaların sayının, eləcə də yüksək səsli musiqi və bu kimi narahatedici halların azalacağına ümid etdiklərini, lakin görüntülərin onları yanıltığını deyiblər.

 

Bununla bağlı Pravda.az-a açıqlama verən Milli Məclisin komitəs sədri Fazil Mustafa deyib ki, qadın sürücülərin avtobus sürmələrini müsbət qarşılayır.

 

“Fərq qoyulmamalıdır. Əsas peşəkarlıq və insan taleyinə daha həssas yanaşmadır. Bu keyfiyyətlər əsas götürülməlidir. Yoxsa qadın-kişi məsələsi önəm daşımır. Ola bilər ki, bir epizodda hansısa qadın sürücü musiqiyə yüksək səs verib. Elə dərhal qadınların üzərinə getməyin bir anlamı yoxdur. Biri səhv edibsə, izah olunar, düzələr. Kütləvi hal alan məsələ deyil. Normal yanaşıram. Qadın sürücülərin sayı artmalıdır. Çünki indi xüsusilə sürücülük peşəsində, hətta Avropa məkanında, Türkiyənin özündə qadınların sayı artıb. Narahatlıq üçün əsas yoxdur. Sadəcə, peşəkar hazırlanmalı, daha yaxşı avtomobil idarə etməlidirlər, çünki avtobus idarəçiliyi çox çətindir. Xüsusilə, bizim nəqliyyat infrastrukturunda bunun asan olmadığını hər kəs bilir. Ümid edək ki, belə narahatlıq yaradan hallar baş verməyəcək", - deputat bildirib.

 

Xatırlatma: Qadın sürücülər noyabrın 24-dən 140 və 121E ekspres marşrut xətləri üzrə fəaliyyətə başlayıblar.

 

Aytəkin Qardaşova

Tarix: 9 Dekabr 2025, 17:10   
Seçilən
24
pravda.az

1Mənbələr