AZ

Ekspert: Çoxmərtəbəli binaların tikintisi zamanı təhlükəsizlik tələblərinə xüsusi diqqət yetirilir

Bakı, 9 dekabr, AZƏRTAC

Azərbaycanın böyük hissəsi, xüsusilə də Bakı və Abşeron yarımadası zəlzələ təhlükəsi olan ərazilərdə yerləşir. Bu səbəbdən çoxmərtəbəli binaların tikintisi zamanı təhlükəsizlik tələblərinə xüsusi diqqət yetirilir və bütün proseslər mövcud norma və qaydalara uyğun şəkildə həyata keçirilir.

AZƏRTAC-a açıqlaması zamanı tikinti üzrə ekspert Anar Qurbanov bildirib ki, çoxmərtəbəli yaşayış binalarının layihələndirmə-nəzarət prosesi əsasən iki mərhələdən keçir;

1.Layihələndirmə – memarlar və mühəndislər binanın seysmik davamlılığını nəzərə alaraq layihə hazırlayırlar,

2.Dövlət nəzarəti – layihə və tikinti prosesinin qanun və normativlərə uyğunluğu yoxlanılır. Tikinti dövründə müvafiq qurumlar tərəfindən nəzarət olunur.

Ekspert qeyd edib ki, son illərdə tətbiq olunan yeni qanunlar və qaydalar tikintinin daha təhlükəsiz olmasına kömək edir.

“Azərbaycan qanunvericiliyinə və seysmik normativ sənədlərə uyğun olaraq bütün tikililərdə zəlzələyə davamlılıq hesablamaları aparılır. Son 15 ildə isə Bakıda tikilən binaların əksəriyyəti monolit karkasla inşa olunur, seysmik hesablamalar xüsusi proqramlarla edilir, FHN-in müvafiq ekspertizasından keçir, texniki və müəllif nəzarəti altında tikilir. Bu səbəbdən yeni binalar əvvəlkilərlə müqayisədə daha etibarlı sayılır. Regionlarda da eyni qaydalar tətbiq olunur. Amma bəzən podratçıların iş keyfiyyəti fərqli ola bilər. Son illərdə nəzarət gücləndiyinə görə regionlarda da iri obyektlərin tikinti keyfiyyəti artıb. Bakıda və regionlarda son illərdə tikilən çoxmərtəbəlili binalar zəlzələ təhlükəsi nəzərə alınaraq standartlara uyğun inşa olunur”, - deyə ekspert əlavə edib.

Seçilən
71
azertag.az

1Mənbələr