İranın xarici işlər naziri Abbas Əraqçinin 7-8 dekabr tarixlərində Bakıya səfəri iki ölkə arasında münasibətlərin yeni mərhələyə keçdini göstərir. Səfər zamanı iqtisadi əməkdaşlığın genişləndirilməsi, enerji və nəqliyyat layihələrinin inkişafı, eləcə də Cənubi Qafqazda sabitliyin gücləndirilməsi müzakirə edilib. Bu görüşlər həm Tehranın Bakı ilə tərəfdaşlığı dərinləşdirmək istəyini nümayiş etdirib, həm də regionda yeni geosiyasi reallıqlar fonunda Azərbaycan–İran əlaqələrinin strateji əhəmiyyətini artırıb.
Bəs İran doğrudanmı Azərbaycanla münasibətləri möhkəmləndirməyə çalışır? Bu möhkəmlənmə hər iki ölkəyə nə qazandıra bilər?
Məsələ ilə bağlı politoloq Elçin Xalidbəyli Sfera.az-a açıqlama verib.
Onun sözlərinə əsasən, İran uzun illərdir sərhəd qonşuları ilə müxtəlif gərginliklər yaşayan dövlətdir və bu vəziyyət hazırda ölkəni ciddi çətinliklərlə üz-üzə qoyub:
“İran uzun illərdir sərhəd qonşuları ilə müxtəlif gərginliklər yaşayan dövlətdir. Tehran rəhbərliyi də artıq bu durumun təhlükəli nəticələrə səbəb ola biləcəyini anlayır. Xüsusilə Prezident Məsud Pezeşkian sərhəd qonşuları ilə münasibətlərin normallaşdırılmasının vacibliyini mütəmadi olaraq gündəmə gətirir. Hazırda İranın həm region ölkələri, həm də xüsusilə Azərbaycanla münasibətlərin yaxşılaşdırılmasına yönəlmiş siyasəti məhz Pezeşkian administrasiyasının fəallığı ilə əlaqələndirilir”.
Politoloq Pezeşkian hökumətinin sərhədyanı ölkələrlə normallaşma üçün addımlar atdığını bildirib:
“Bu xəttin davam etdirilməsi və inkişaf etdirilməsi Pezeşkian hökumətinin yeni fəaliyyət prioritetləri ilə birbaşa bağlıdır. Baxmayaraq ki, İranda bu siyasətə qarşı çıxan və prosesə mane olmağa çalışan ciddi qüvvələr mövcuddur, prezident və onun siyasi komandası münasibətlərin normallaşdırılması istiqamətində israrlı mövqe nümayiş etdirir. Son aylarda Azərbaycanla münasibətlərdə müşahidə olunan yumşalma və hətta yaxınlaşma tendensiyası da Tehranın daha praqmatik yanaşmasının nəticəsidir. İran üçün ən rasional yol məhz budur, çünki sərhəd qonşuları ilə gərginlik yaşayan ölkənin regional mövqeyi və təhlükəsizliyi daha da zəifləyir”.
E.Xalidbəyli bildirib ki, hazırda İran və Azərbaycanın ortaq maraqları kifayət qədər genişdir və Azərbaycan Tehran üçün strateji əhəmiyyət daşıyır:
“Azərbaycan Tehran üçün strateji əhəmiyyət daşıyır, çünki Şimal-Cənub Nəqliyyat Dəhlizinin Rusiya-İran xətti məhz Azərbaycan ərazisindən keçir və bu istiqamətdə artıq ciddi anlaşmalar mövcuddur. İqtisadi əməkdaşlıq hər iki ölkənin maraqlarına cavab verir və qarşılıqlı layihələr yeni maliyyə və iqtisadi imkanlar açır. Bütün bu faktorlar fonunda Pezeşkiyanın Azərbaycana səfəri, həmçinin İran xarici işlər nazirinin Bakıya son səfəri münasibətlərin inkişaf mərhələsinə qədəm qoyduğunu göstərən mühüm siyasi siqnal kimi dəyərləndirilir”.