AZ

Mahmud Erol Kılıç: Süni zəka Nəsiminin, Füzulinin şeirlərini miniatürləşdirə, onun filmini hazırlaya bilər

Bakı, 9 dekabr, Göyçək Mahmudlu, İlkin Cavanşirov, AZƏRTAC

Texnologiya və süni intellekt həm öz mədəni irsimiz, həm digər İslam ölkələri haqqında məlumat almaqda fayda verə bilər. Bununla belə, biz texnologiyanı insandan üstün tutmamalıyıq. Bizə ilk növbədə insanlar lazımdır.

Bunu AZƏRTAC-a açıqlamasında İslam Tarixi, İncəsənəti və Mədəniyyəti Araşdırma Mərkəzinin baş direktoru Mahmud Erol Kılıç deyib.

O, fikirlərinə belə davam edib: "Məsələn, süni intellekt bizə Nizami Gəncəvinin "Leyli və Məcnun"u yazmaq səbəbini, əsərin etikasını verə bilməz. Süni intellekt Nizami Gəncəvi haqqında axtarış verdikdə onun haqqında məlumatları təqdim edir. Təbii ki, müasir texnologiyalardan istifadə edək, lakin biz Azərbaycan gəncləri arasında necə Nizami Gəncəvi yetişdirə biləcəyimizi düşünməliyik. Həmin texnologiyalar bizi gələcəyə daşıya bilməz. Bizi gələcəyə bilik daşıyır, texnologiya isə sadəcə kömək edir. Faydası odur ki, sürət qazandırır, bir dəqiqədə bütün məlumatları qarşına qoyur. Süni intellekt mədəni irsi qorumaqda da fayda verə bilər. Biz ortaya nəsə çıxarmalıyıq ki, texnologiya onu mühafizə etsin. Bunu etməsək, başqa mədəniyyətlər bizə hakim olacaq. Biz Azərbaycanın qədim mədəniyyətini qoruyub saxlamalıyıq. Süni zəka vasitəsilə mədəni irsi gələcək nəsillərə çatdırmaq mümkündür. Süni zəka Nəsiminin, Füzulinin şeirlərini miniatürləşdirə, onun filmini hazırlaya bilər. Ancaq Nizami, Füzuli, Nəsimi, Bakuvi, Mövlana olmadan süni zəka heç nə edə bilməz".

Azərbaycanda dəfələrlə olduğunu deyən M.E.Kılıç deyib: “İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə – 2025” tədbirinin elə iştirakçıları var ki, ilk dəfədir Azərbaycana gəlirlər. Bu, onlara Azərbaycan mədəniyyəti ilə tanış olmaq üçün fürsətdir. Ümumilikdə, İƏT Mədəniyyət Festivalı ölkələrin bir- birinin mədəniyyətini öyrənmək baxımından faydalıdır".

Seçilən
37
azertag.az

1Mənbələr