Bakı, 9 dekabr, AZƏRTAC
İran ilə Azərbaycanın qarşılıqlı maraqları sabit, gərginliksiz və proqnozlaşdırıla bilən münasibətlərdədir. Bu prosesi pozan hər bir amil arzuolunmazdır. Ortaya çıxan məsələlərin müvafiq həll yolları tapılmalıdır. Bununla yanaşı, dost və qonşu ölkələr arasında bəzən müəyyən məsələlərin ortaya çıxması təbii hal kimi qəbul edilməlidir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında İranın Azərbaycandakı səfiri Müctəba Dəmirçilu deyib.
O bildirib ki, İranın xarici işlər naziri Abbas Əraqçının səfəri Azərbaycanın xarici işlər nazirinin dəvəti ilə həyata keçirilib və iki ölkənin Xarici İşlər Nazirlikləri arasında müxtəlif səviyyələrdə davam edən müntəzəm məsləhətləşmələrin tərkib hissəsidir.
Diplomat nəzərə çatdırıb ki, münaqişələrin həlli və regionda sülh və sabitliyin təmin olunması bütün ölkələrin maraqlarına uyğundur.
“İranın prinsipial mövqeyi həmişə Qarabağ da daxil olmaqla, bütün münaqişələrin beynəlxalq hüququn tanınmış prinsipləri əsasında dinc yolla həllinə yönəlib. Bu baxımdan İran işğal olunmuş ərazilərin azad edilməsinin zəruriliyini vurğulayıb və bir sıra təşəbbüslər irəli sürüb. Münaqişənin həlli İran və Azərbaycan arasında bir sıra sərhəd layihələrinin icrası üçün daha geniş əməkdaşlıq imkanları yaradacaq. Bu, regionda sülh və sabitlik, iqtisadi layihələrin həyata keçirilməsi üçün zəruri təhlükəsizliyi təmin edəcək və bütün region ölkələri bundan faydalanaraq iqtisadi inkişafı sürətləndirəcək. İki ölkə arasında su elektrik stansiyalarının tikintisi və istismarı gündəmdədir. Onların bəziləri artıq fəaliyyətə başlayıb, digərlərində isə tamamlayıcı işlər davam edir. Elektrik enerjisinin mübadiləsi və şəbəkələrin üçtərəfli qaydada – Rusiyanın iştirakı ilə – birləşdirilməsi də gündəlikdədir. Qaz sahəsində isə Naxçıvana qazın çatdırılması məqsədilə qarşılıqlı mübadilə mexanizmi üzrə razılaşmalar mövcuddur və əməkdaşlıq həyata keçirilir”, - deyə iranlı diplomat bildirib.
M. Dəmirçilu bildirib ki, Azərbaycan ilə əlaqələrin inkişafı İranın xarici siyasətində proritet istiqamətdir.