AZ

"Peşəkar mühasib olmaq üçün təkcə sertifikat kifayət deyil" - Maliyyə Nazirliyinin nümayəndəsi

Dövlət–Özəl Sektor–QHT Platforması çərçivəsində keçirilən Forumun I panelində Maliyyə Nazirliyinin Uçot siyasəti şöbəsinin baş məsləhətçisi Aydan Hüseynova mühasiblərin peşəkar fəaliyyəti ilə bağlı qanunvericiliyin tələbləri barədə çıxış edib.

QHT.az xəbər verir ki, o bildirib ki, peşəkar mühasib statusu əldə etmək üçün təkcə Dövlət İmtahan Mərkəzinin imtahanından keçmək kifayət deyil:

"Mühasibat uçotu haqqında” Qanunun 2.1.19-cu maddəsinə əsasən, peşəkar mühasib həm imtahandan keçməli, həm də peşəkar təşkilatlardan birinə üzv olmalıdır. Maliyyə Nazirliyinin saytında dörd peşəkar təşkilatın adı yerləşdirilib və mühasiblər istədikləri təşkilata, o cümlədən Gənc Mühasiblər İctimai Birliyinə üzv ola bilərlər".

Aydan Hüseynova çıxışında regionlarda çalışan baş mühasiblər üçün keçirilən təlimlərə də toxunub. Bildirilib ki, bu məqsədlə dörd peşəkar təşkilatla müqavilə bağlanıb və regionlarda geniş tədris proqramları həyata keçirilib, nəticədə artıq xeyli sayda sertifikatlı mühasib hazırlanıb:

“Maliyyə Nazirliyi yanında İctimai Şuranın fəaliyyəti, QHT-lərə göstərilən maliyyə və institusional dəstəklər xüsusi əhəmiyyət daşıyır. 237 nömrəli qərara edilən dəyişikliklərə əsasən, müəyyən kateqoriyaya aid şəxslər peşəkar təşkilatlara müraciət edərək təsdiqedici sənəd ala bilirlər. Peşəkar birliklərə üzvlük vətəndaş cəmiyyətinin güclənməsi baxımından mühüm əhəmiyyət daşıyır və bu sahədə maarifləndirmə işi davam etdiriləcək.”

 

Pərvanə Fərhadqızı

Seçilən
25
qht.az

1Mənbələr