II Panel: Rəqabətlilik və innovasiya – özəl sektorun 2025-ci il üzrə inkişaf prioritetləri müzakirə olunub
QHT.az xəbər verir ki, Dövlət–Özəl Sektor–QHT Platforması çərçivəsində bu gün keçirilən Forumun II paneli “Rəqabətlilik və innovasiya: özəl sektorun 2025-ci il üzrə biznes mühiti və inkişaf prioritetləri” mövzusuna həsr olunub. Paneldə 2025-ci ildə biznes mühitində baş verən dəyişikliklər, vergi, rəqabət və tənzimləmə yenilikləri, eləcə də özəl sektorda innovativ idarəetmə modelləri, rəqəmsallaşma prosesləri və səhiyyə, xidmət, maliyyə sektorlarında yeni trendlər müzakirə edilib.
Panelin moderatoru Mehdi Babayev çıxışında bildirib ki, texnologiyanın sürətli inkişafı və rəqəmsallaşma prosesi artıq təkcə iqtisadiyyata deyil, bütövlükdə insanların həyatına birbaşa təsir göstərir. O qeyd edib ki, elektron platformaların tətbiqi və vətəndaşların bu proseslərə uyğunlaşması həm bu günün, həm də gələcəyin əsas suallarındandır:
"Şəhər və regionlar arasında rəqəmsal imkanlardan istifadə səviyyəsində ciddi fərqlər mövcuddur. Hətta sadə elektron xidmətlərdən istifadə edə bilməyən, elektron hökumətin imkanlarından kənarda qalan kifayət qədər insan var,” – deyə Mehdi Babayev qeyd edib.
O hesab edir ki, bu istiqamətdə qeyri-hökumət təşkilatları və özəl sektor öz fəaliyyətlərini daha da gücləndirməli, vətəndaşların rəqəmsal bacarıqlarının artırılmasına dəstək verməlidir.
Pərvanə Fərhadqızı