AZ

"Sahibkarlıqda davamlı inkişaf üçün uçot və sistem düzgün qurulmalıdır"- Sakit Məmmədov

Dövlət–Özəl Sektor–QHT Platforması çərçivəsində keçirilən Forumun II panelində “Destec Group” İdarə Heyətinin sədri Sakit Məmmədov çıxış edərək sahibkarlıqda strategiya, uçot sistemləri və davamlı inkişaf mövzularına toxunub.

QHT.az xəbər verir ki, Sakit Məmmədov bildirib ki, uçot və düzgün idarəetmə sistemi qurulmadan strategiyadan danışmaq səmərəli nəticə vermir. Onun sözlərinə görə, sahibkarlar bəzən yeni öyrəndikləri hər bir yeniliyi əvvəlkiləri tamamilə inkar edərək tətbiq etməyə çalışır, lakin bu yanaşma təkrarlanan səhvlərə və yarımçıq qalan proseslərə səbəb olur:

"Avropa ölkələrində uçot və avtomatlaşdırma sistemləri hələ 1960–70-ci illərdən tətbiq edildiyi halda, Azərbaycanda bu proseslər yeni mərhələdə formalaşır. Uçot yalnız mühasibatlıq deyil, logistika, satış, marketinq, məsuliyyət bölgüsü və məlumat axınının düzgün idarə olunmasını da əhatə edir".

O çıxışında məlumat axınının düzgün qurulmasının şirkətlərin inkişafında əsas rol oynadığı, əks halda gecikmələr və səhv məlumatların biznesin böyüməsinə ciddi maneələr yaratdığı bildirilib.

"Almaniya və Koreya nümunələrini qeyd edərək, uçot və sistemli idarəetmə iqtisadi gücə birbaşa təsir edir. Dövlət, özəl sektor və QHT-lər arasında düzgün koordinasiya qurularsa, regional və beynəlxalq bazarlardan daha böyük pay əldə etmək mümkündür".

Sonda Sakit Məmmədov davamlı inkişafın əsasının düzgün qurulmuş sistemlərdən və koordinasiyadan keçdiyini qeyd edərək çıxışını yekunlaşdırıb.

 

Pərvanə Fərhadqızı

Seçilən
63
qht.az

1Mənbələr