525.az saytına istinadən ain.az xəbər verir.
“Ruanda Konqo Demokratik Respublikası (DR) ilə Vaşinqtonda əldə edilmiş sülh razılaşmasını pozub”.
525.az xəbər verir ki, bu barədə Konqo DR-nın prezidenti Feliks Çisekedi parlamentdə deyib.
"Razılaşmanın imzalanmasından bir gün sonra Ruanda Müdafiə Qüvvələri Buqarama şəhərindən ağır silahlarla hücuma başladı. Bu hücumlar, xüsusən də Cənubi Kivu əyalətinin Kaziba, Katoqota və Lubarika yaşayış məntəqələrində xeyli insan itkisinə və maddi ziyana səbəb oldu və bununla da atəşkəs pozuldu", - prezident bildirib.
Əlavə edib ki, bu faktlar BMT-nin məlumatları ilə də təsdiqlənir. O, həmçinin qeyd edib ki, Kinşasa üzərinə götürdüyü beynəlxalq öhdəliklərə və yoxlama mexanizmlərinə sadiq qalacaq:
"Konqo Demokratik Respublikası öhdəliklərinə və tərəfdaşları ilə razılaşdırılmış yoxlama mexanizmlərinə sadiq qalaraq, təhdid edildiyi yerdə xalqını qorumaq məsuliyyətindən heç vaxt boyun qaçırmayacaq".
Xatırladaq ki, Konqo DR prezidenti Feliks Çisekedi və Ruanda lideri Pol Kaqame 4 dekabrda Vaşinqtonda ABŞ prezidenti Donald Trampın vasitəçiliyi ilə sülh sazişi imzalayıblar. Tərəflər iyun ayında ABŞ-ın vasitəçiliyi ilə əldə edilən razılaşmaya, eləcə də ötən ay təsdiqlənmiş iqtisadi inteqrasiya paktına sadiq qaldıqlarını bir daha vurğulayıblar. Buna baxmayaraq, Konqo DR ordusu ilə “M23” arasında döyüşlər 5 dekabrda davam edib. Cənubi Kivu əyalətinin bir sıra ərazilərində toqquşmalar baş verib.
Son illərdə iki ölkə arasındakı gərginliyin əsas mənbəyi KDR-in şərqindəki üsyançı qrup 23 Mart Hərəkatının (M23) fəaliyyəti olub. Kinşasa Kiqalini onu dəstəkləməkdə ittiham edir, Ruanda isə bunu inkar edir. 2025-ci ilin əvvəlində M23 üsyançıları KDR-in şərqində fəaliyyətlərini gücləndiriblər. Hakimiyyət orqanları onların Şimali və Cənubi Kivu əyalətlərindəki əsas şəhərləri ələ keçirdiklərini bildiriblər.
Pərvanə Sultanova
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.