AZ

“Neftçi”, “Sabah” sənə “bu şəhər ikimizə dar” deyir! - Vernidub heç Rusiya ilə müharibədə belə qorxmamışdı

“Neftçi” çempionatın 14-cü turunda da qələbə qazana bilmədi. “Ağ-qaralar” “Zirə” ilə kubok matçı daxil son 5 oyunun dördündə məğlub olub, birində heç-heçə edib.

Bu 5 matçın üçündə “sükan arxasında” Sənan Qurbanov idi. O Sənan Qurbanov ki, komandanı ancaq kənardan gördüyünü etiraf etdi, yəni komandanı yaxşı tanımırdı.

“Sabah”la oyun isə “Neftçi” azarkeşi üçün acıların zirvəsi idi. “Bayquşlar” “Neftçi”ni rəsmən döydü, hələ sonda “bu şəhər ikimizə dar” da dedilər. Meydanda nə istədilərsə, onu da etdilər. Litvalı Valdas Dambrauskas azərbaycanlı Sənan Qurbanova “ustad dərsi keçdi”. Oyunun ilk 25 dəqiqəsində və 2-ci hissədə sanki “Neftçi”nin əli-qolu bağlı qaldı. “Ağ-qaralar”ın bəxti gətirdi ki, biabırçı hesabla məğlub olmadılar.

Bəlkə bu komandanı canlı görən Vernidub heç Rusiyaya qarşı müharibədə, ön cəbhədə belə qorxmamışdı. Ola bilər ki, şələ-şüləsini götürüb qayıtsın Ukraynaya. Qayıdanda Elvin Bədəlovu, Mustafa Seki və bir neçə futbolçunu da özü ilə aparsa, çox yaxşı olar. Bəlkə bunların potensialı orda açılar – müharibədə. Axı Sənan Qurbanov, ondan da əvvəl Samir Abasov “futbolçularımız döyüşdü” deyirdi. Bəlkə həqiqətən də gerçək müharibədə döyüşməyi bacarırlar.

Zarafat bir yana, “Neftçi”ni bu mövsüm Yuri Vernidub yox, Xosep Qvardiola da gəlsə, avrokuboklara çıxarda bilməz. Bu komanda avrokuboklara layiq deyil. “Qəbələ” ilə oyuna qədər bütün oyunlarda üstün təsir bağışlayan komanda son 7 matçda yanlız “Kəpəz”dən üstün olub. Hə, bir də MOİK-dən.

“Qarabağ”a məğlubiyyət komandaya zərbə oldusa, “İmişli” “Neftçi”ni nokauta saldı. Ondan sonra “Neftçi” adına nə nəticə var, nə də oyun. Ötən gün də “Neftçi”də heç kim yaxşı deyildi. İfeanyidən başqa heç kim. O da ilk yarıda narahat oldu, ikinci hissədə əvəzləndi. Emin Mahmudovun karyerası bitib, özünə demirlər ki, xətrinə dəyər. Kenan Piriçi kim gətirib, nəyə görə gətirib, hətta kapitan sarğısı da verib - bu da ayrı sual. Sakonun tək uğuru Messi ilə forma dəyişməsi olub. “Neftçi”də heç nə edə bilmir. Ervin Koffi ondan daha abırlı idi. Ribeyro “Araz-Naxçıvan”da komandanın dayağı idi, indi sürüşən ayağıdı. Elvin Bədəlov isə... Şərhsiz...

MÜZƏFFƏR QULUZADƏ

Seçilən
31
1
football-plus.az

2Mənbələr