"Ayaks" Bakıdadır. Sabah ÇL-in 6-cı turu çərçivəsində "Qarabağ"la qarşılaşacaqlar. Amma Niderland nəhəngi bu cütün favoriti deyil.
Deyil, amma bu mövqedən çıxış etsək, azacıq saymazyanalıq göstərsək, məğlub olacağıq. Futbol belə şeyləri bağışlamır.
Bir də ki, biz kimə yuxarıdan-aşağı baxırıq? Azərbaycana bu günə qədər gəlmiş ən titullu kluba?
Muzeyində 4 Çempionlar Liqası (Kuboku), 3 UEFA Superkubou, 1 UEFA Kuboku, 2 UEFA Kuboklar Kuboku, 2 Qitələrarası Kubok, 36 Niderland çempionluğu olan, 50 ildən çoxdu dünya futbolunun dəbini müəyyənləşdirən, Mixels və Kroyf kimi fundamental futbol şəxsiyyətlərini dünyaya bəxş etmiş, futbol deyiləndə yada düşən 3-4 klubdan biri, əfsanəvi "Ayaks"a?
Böyük səhv olardı.
Baxmayaraq ki, hazırda "Ayaks" bəlkə də tarixinin ən pis dövrünü yaşayır. Bu məqam bizim xeyrimizədir, bundan maksimum istifadə etməliyik.
* * *
Niyə bu durumdadırlar?
"Ayaks"ın ilk növbədə maliyyə problemləri var. Günahkarları da özləridirlər. Ötən mövsüm Çempionlar Liqasına düşə bilməmək, Avropa Liqasında da uğursuzluğa düçar olmaq klubu böyük gəlirlərdən edib. Bununla yanaşı, transferlərdə edilən səhvlər, oyunçuların uğursuz satışı da balansı pozub. Xeyli oyunçu satılıb, yerinə alınanlar isə gənclərin qarşısını alır, üstəlik də nəticə vermirlər. Bu "alver"ə xərclənən pullar klubu böyük bir problemin içinə salıb. "Ayaks"a idman direktoru təyin olunan almaniyalı Sven Mislintat qısa müddətdə 13 transfer edərək buna 120 milyon sərf elətdirib, üstəlik, 11 nəfəri də az qala dəyər-dəyməzinə satıb. Gələnlərin də yalnız maaşları böyük olub, oynadıqları oyun isə buna heç yaxın da düşməyib.
Maraqlısı bu deyil.
Klubdaxili araşdırmalardan sonra məlum olub ki, bu "nemes" bəzi transferləri öz şəxsi şirkəti vasitəsilə həyata keçirib və ordan qəşəng də pul qazanıb. Odur ki, "yeyinti"nin ancaq Azərbaycan futbolunda olduğunu düşünürdüzsə, yanılmısız. Niderlandda da işlər yüngül desək, ideal deyil. Mislintatın bu "maxinasiya"sı ortaya çıxandan sonra AZ Alkmaardan gətirilən yeni baş direktor Aleks Krusun birinci işi almaniyalını qovmaq olub.
Amma bu "müəllim" də "təmiz" çıxmayıb. Məlum olub ki, o, "Ayaks"a təyin olunmamışdan öncə klubun səhmlərini alıb. Bu isə qaydalara ziddir, varlanmaq məqsədilə insayder məlumatlarından istifadə sayılır. Bundan xəbər tutan İdarə Heyəti onu baş direktor vəzifəsindən uzaqlaşdırıb. Amma işini texniki direktor kimi davam etdirməyə icazə verib.
Bura bunaqədərki 3 ildə direktor postlarında əvvəlcə Mark Overmars (klubdakı qadın əməkdaşlara tərbiyəsiz şəkillər göndərdiyi üçün), sonra Edvin van der Sar, sonra Yan Van Xalst, sonra da Klaas-Yan Huntelaarı sınayıb yola salmalarını, paralel də bu müddətdə baş məşqçi kimi Alfred Sxreyder, Con Heytinqa, Mauris Steyn, Hedviqs Maduro, Yon van Sxip, Françesko Fariolini, sonra da yenidən Heytinqanı təyin etmələrini, onu da qovub yerinə hazırkı Fred Qrimi gətirmələri əlavə etsək, mənzərə tamamilə aydınlaşar. Təbii ki, buna mənzərə demək olarsa... 3 ildə 6 direktor, 7 məşqçi dəyişilən rəsmə mənzərəli deməyə adamın dili gəlməz. Bu, ən yaxşı halda hansısa qorxu filmidir.
Konkret, kimin nə işlə, necə məşğul olduğu bilinməyən, xaosu xatırladan bir durum yaranıb. Azarkeşləri də hər cür etiraz edirlər, amma xeyri yoxdur.
"Ayaks" xəstədir, ağır xəstədir, köməyə ehtiyacı var. Onsuz da uğursuzluqla nəticələndiyi dəqiqləşən Çempionlar Liqası bu dəqiqə bu klubu maraqlandırmır. Həftəsonu keçiriləcək "Feyenord" matçı daha vacibdir, nəinki "Qarabağ"la qarşılaşma. Bakıya da "tutar-tutmaz" ab-havasında gəliblər.
Paytaxtımıza nəhəng "Ayaks"ın yalnız adı gəlib. Bu ad buradan xal və ya xallar aparmağa yetəcəkmi? Əsas sual da budur.
* * *
Bəli, klubda vəziyyət yaxşı deyil. Ancaq oyuna da bir komanda çıxacaq və bu komandada yetərincə istedadlı futbolçular var. Onlar özlərini göstərmək, geyindikləri formanın haqqını verməyə çalışacaqlar. Yaralı aslan isə daha təhlükəli olur. Ehtiyatlı olmaq lazımdır.
"Ayaks"ın konkret hansı sxem və ya düzülüşlə oynadığı müəyyənləşdirmək son oyunlarda çətinləşib. Bəzən 4-lü, bəzən 5-li müdafiə ilə meydana çıxan amsterdamlılar, yalnız hücum xəttində müəyyən konkretlik nümayiş etdirə bilirlər. O da nisbi. Adətən Veqhorstun tək mərkəz hücumçusu olduğu sistem duruma görə dəyişə, yanlarına iki vinger də əlavə olunaraq üçlüyə keçə bilir. Ancaq kağız üzərindəki adəti sistem 4-5-1-dir. Oyun tərzləri də müəyyən mənada "Qarabağ"ınkına bənzəyir, ideya eynidir. Bizdən fərqli olaraq "Ayaks"ın xüsusi pressinq özəlliyi yoxdur, müdafiənin cinahları da bizimki kimi aktiv deyil. Orta xətt daha yaxşı durumdadır, müəyyən stabillik yalnız orada görünür. Buradakı Qodts, Bunida və Qloxdan çəkinməyə və onlara qarşı daha diqqətli oynamağa dəyər. "Ayaks"da hər kəs özünü sübut etməyə çalışır və bir yolunu tapıb qol vururlar. Nadir istisnalarla, Amsterdam təmsilçisi nəticədən asılı olmayaraq bütün matçlarda rəqib qapıçıları məyus edə bilib. Bu, bu klubun genlərinin meydandakı təcəssümüdür və bizim də bu genlərdən "payımızı almaq" ehtimalımız yüksəkdir. Buna hazır olmalıyıq.
* * *
Necə oynamalıyıq?
"Ayaks" son 8 avrokubok matçında məğlub olub və bu, klub tarixinin ən pis göstəricisidir. Şübhəsiz, qonaqlar bu rəqəmin üstünə birinin də gəlməsini istəməyəcəklər və qələbə qazanmağa çalışacaqlar. Bu isə aşkar riskə getməyi tələb edir. Niderlandlılar oyunu hücumda keçirəcək, onsuz da etibarsız olmayan müdafiə xətlərinə güvənməyəcək, düşünməyəcəklər. Belə komandaları isə "Qarabağ" sevir. Rəqibi qarşılıqlı hücum futbolu təklif edəndə Qurban Qurbanov bunu məmnuniyyətlə qəbul edir. Üstümüzə gələn komandaya qarşı əsas üstünlüyümüz olan sürətli əks-hücumlardan istifadə edə, qol və ya qollar vura bilərik. Nəzərə alsaq ki, müdafiədən pasla çıxmağı da yaxşı bacarırıq və "Çelsi" kimi nəhəngin ön xətt təzyiqinin altında bunu sınaqdan keçirib üzüağ çıxa bilmişik, bunu zəifləmiş "Ayaks"la da edə bilərik. Bir tərəfdən də əsas hücum silahları - Vout Veqhorst da Bakıya gəlməyib. O, həmçinin "Benfika" ilə son ÇL matçında startda meydana çıxan daha iki nəfər - yarımmüdafiəçi Kennett Teylor və mərkəz müdafiəçisi Yosip Şutalo da heyətdə yoxdur. Rəqib baş məşqçi həftəsonu baş tutacaq "Feyenord" matçını düşünərək bu futbolçuları riskə atmamaq qərarına gəlib. Əsas forvardı və orta xətt oyunçularından biri olmayan "Ayaks"ın "Çelsi" qədər intensiv oynama, "Qarabağ"ı basqı altında saxlama ehtimalı çox aşağıdır. Topu orta xəttə gətirib oradan klassik uzun ötürmələrlə cinahlardakı Zubir-Cəfərquliyev və Silva-Andrade cütlüklərinə şans yaratsaq, qarşılaşmanı qalib başa vurmağımıza maneə qalmayacaq. Təmkinli, ağıllı oynamaq, rəqibi maksimum ciddiyə almaq və ən əsası ələ düşən imkanları boşa verməmək lazımdır.
* * *
Düşünürəm ki, Qurban Qurbanov ötənilki, indikindən daha yaxşı olan "Ayaks"la matçı da unutmayıb, nəticələr çıxarıb. Ötən il hətta 10 nəfərlə qala-qala da niderlandlıları sıxa bilmiş, məğlubiyyətə baxmayaraq çox yaxşı oynamışdıq. Heyətlər bərabər olsaydı, xalları da bərabər bölə bilərdik. İndi onlar o qədər də güclü deyillər, biz də daha yaxşı durumdayıq, daha yaxşı hazırlaşmışıq, qələbəyə daha yaxın tərəfik. Qalır oynamaq.
"Qarabağ"a uğurlar!