Dövlət–Özəl Sektor–QHT Platforması çərçivəsində keçirilən Forumun II paneli zamanı panelin moderatoru, Bakı Hesabat Mərkəzinin direktoru Mehdi Babayev çıxış edərək QHT- lərə, fondlara və sosial sahələrə yönələn ianələrin vergidən azad olunmasının vacibliyini diqqətə çatdırıb.
QHT.az xəbər verir ki, moderator bildirib ki, ianələrin yalnız bir neçə sahəni deyil, ekologiya, maarifləndirmə, iqtisadiyyat, idman, təhsil və digər istiqamətləri də əhatə etməsi vacibdir. Onun sözlərinə görə, ianələr bütün qeyri-hökumət təşkilatlarına və fondlara şamil olunarsa, seçimçilik də aradan qalxar:
"Təsərrüfat subyektləri öz mənfəətlərinin, məsələn, 5 faizə qədər olan hissəsini QHT-lərə, idman cəmiyyətlərinə, təhsil mərkəzlərinə və digər sosial yönümlü qurumlara köçürməkdə daha maraqlı olardılar ki, bu vəsaitlər vergidən azad olunsun. Özəl təhsil müəssisələri də dövlət büdcəsindən maliyyələşməyən qurumlar kimi bu mexanizmdən yararlana bilər".
Moderator çıxışında diqqətə çatdırıb ki, Vergi Məcəlləsində QHT-lərlə bağlı artıq müəyyən güzəştlər mövcuddur. Belə ki, QHT-lərin aldıqları ianələr, qrantlar və əvəzsiz daxilolmalar onların nizamnamə fəaliyyəti çərçivəsində vergiyə cəlb edilmir. Bu vəsaitlər üzrə mənfəət vergisi və digər əsas vergi növləri tətbiq olunmur.
"Buna baxmayaraq, gələcəkdə kommersiya qurumlarının QHT-lərə daha çox yaxınlaşması üçün vergi güzəştlərinin daha da genişləndirilməsinə ehtiyac var. Bu istiqamətdə Vergi Məcəlləsinə edilən dəyişikliklər mütəmadi olaraq diqqətdə saxlanılmalıdır".
Sonda moderator iştirakçıların sualları olacağı təqdirdə məsələyə aydınlıq gətirməyə hazır olduqlarını bildirib.
Pərvanə Fərhadqızı