AZ

“Bakıxanov sakinlərinin etirazında Qalina Mehdiyeva ilə bağlı iddialar var

Bakıxanov sakinləri: “Yaşadığımız məkanda kiminsə marağı naminə hüquqlarımız tapdalanmamalıdır”

Hakimiyyet.az xəbər verir ki, Sabunçu rayonunun Bakıxanov qəsəbəsi, Novruz Novruzov küçəsində yaşayan sakinlər “Darvaz Residence‑1” şirkətinin ərazidə hündürmərtəbəli bina tikmək cəhdinə etirazlarını davam etdirirlər. Sakinlər bildirirlər ki, illərdir istifadə etdikləri bu sahə həm avtomobil dayanacağı, həm uşaqların oyun meydançası, həm də xeyir‑şər məclisləri üçün vacib bir məkandır.

Hazırda tikinti işləri dayandırılıb. Məsələ mediada geniş işıqlandırıldıqdan sonra Sabunçu rayon icra başçısı əraziyə gələrək sakinlərlə görüşüb. O bildirib ki, burada abadlıq işləri görüləcək və sakinlərin həyat tərzi üçün ən əlverişli şərait yaradılacaq. Başçının sözlərinə görə, belə sıx məhəllədə hündürmərtəbəli bina tikilməsi “məntiqə sığmır”.

Sakinlər icra başçısına diqqətinə görə təşəkkür ediblər. Onlar bildirirlər ki, tikinti iddiaları ilə bağlı müxtəlif şəxslərin adları hallanır. Tikintini aparmaq istəyən şəxsin Namazov Faiq Hacımirzalı oğlu olduğu bildirilir. Sakinlər qeyd edirlər ki, o, Bakı Dövlət Universitetində riyaziyyat fakültəsində müəllim işləyir.

Etibarlı mənbədən verilən məlumata görə, sakinlərin yaşam tərzini pozmağa cəhd edən qüvvələrdə Ramiz Mehdiyevin həyat yoldaşı Qalina Mehdiyeva da adı çəkilir. Qalina Mehdiyeva uzun illər BDU riyaziyyat fakültəsinin kafedra müdiri vəzifəsində çalışıb. Qeyd olunur ki, o, bir ay bundan əvvəl tutduğu vəzifədən azad edilib.

Sakinlər vurğulayırlar ki, bu cür layihələrdə şəffaflıq təmin olunmalı, vətəndaşların hüquqları heç bir maraq qrupunun qərarlarının qurbanına çevrilməməlidir. Onların fikrincə, ölkədə bu tip hallara yol verilməməli, hər bir vətəndaşın yaşayış mühiti və təhlükəsizliyi qorunmalıdır.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

 

 

 

Seçilən
43
hakimiyyet.az

1Mənbələr