Paris, 10 dekabr, AZƏRTAC
Sosial Müdafiə Büdcəsi ətrafında qalmaqal yaranıb. Ekoloqlar Matinyonu (Nazirlər Kabineti) səsverməyə təzyiq göstərməkdə ittiham edir, Baş nazir isə daxili araşdırma və məhkəməyə müraciət edib.
AZƏRTAC xəbər verir ki, Fransa Milli Assambleyasında sosial müdafiə büdcəsinin taleyi ilə bağlı gərginlik dərinləşir. Debatlar zamanı ekoloq deputatlar hökuməti ciddi şəkildə ittiham edərək siyasi mübahisəyə yeni istiqamət veriblər. Ekoloji fraksiyanın rəhbəri Siriyel Şatlen, Matinyonun bərpaolunan enerji sahəsinin iş adamlarına yanlış məlumatlar ötürərək, səsverməyə təsir etməyə çalışdığını iddia edib.
Milli Assambleyada çıxış edən Siriyel Şatlen hökuməti səsverməyə şantaj tətbiq etməkdə günahlandırıb. O, Baş nazir Sebastyan Lökornüdən tələb edib ki, bərpaolunan enerji üzrə dövlət hədəflərinin sosial müdafiə büdcəsinin nəticəsindən asılı olmayacağını təsdiqləsin.
Şatlenin açıqlamasına görə, Baş nazirin müşavirlərindən biri bərpaolunan enerji sektorunda fəaliyyət göstərən bir sıra şirkət rəhbərləri ilə telefonla əlaqə yaradıb. Onlara Fransa hökumətinin enerji siyasəti ilə bağlı yanlış məlumatlar verilib. Belə ki, bərpaolunan enerji hədəflərinin ekoloq deputatların büdcəyə səsverməsindən asılı olacağı iddia edilib.
Ekoloq deputat bu praktikanı “qəbuledilməz siyasi manipulyasiya” adlandıraraq Lökornünü açıq şəkildə pisləməyə çağırıb.
Baş nazir Lökornü bu iddialara cavab verərək, daxili araşdırma başladıldığını və işin məhkəməyə gedəcəyini açıqlayıb. O, məsuliyyəti hökumət nümayəndələrinin üzərindən götürərək, hadisəni başqa istiqamətə yönəldib.
Bildirib ki, sözügedən telefon zənglərini dövlət deyil, “maraqlar qrupu” adlandırdığı kənar aktorlar həyata keçirib.
Baş nazir hökumət və ekoloq deputatlar arasında aparılan siyasi dialoqa üçüncü tərəfin qarışmasının qəbuledilməz olduğunu vurğulayıb. O, həmçinin Fransa enerji siyasətinə aydınlıq gətirərək bildirib ki, külək, Günəş enerjisi, nə də geotermal layihələrlə bağlı heç bir moratorium nəzərdə tutulmur.
Lökornü bildirib ki, istənilən maraq qrupunun hökumət siyasətini öz xeyrinə yönləndirməsinə dair şübhə belə ola bilməz.
Matinyon öz növbəsində açıqlama verərək, heç bir müşavirin şirkətlərə təzyiq göstərmədiyini deyib. Baş nazirin bürosu “France Télévisions”a bildirib ki, ilkin araşdırma nəticəsində hökumət müşavirlərinin heç bir şirkətə və ya sənaye qurumuna təzyiq göstərmədiyi müəyyən edilib, bəzi maraq qruplarının qəribə oyun oynadığı və süni gərginlik yaratdığı ehtimal olunur.
Matinyonun nümayəndəsi bu məsələnin tam aydınlaşdırılacağını qeyd edib.
Gərgin səsvermə fonunda siyasi etimad mübarizəsi
Bu qarşıdurma sosial müdafiə büdcəsi ətrafında onsuz da qeyri-müəyyən olan səsvermə ərəfəsində baş verib. Büdcənin qəbulunun taleyi həm hökumətin sabitliyi, həm də Baş nazir Lökornünün siyasi gələcəyi üçün həlledici hesab olunur.
Ekoloqların ittihamları və hökumətin müdafiə mövqeyi Fransa parlamentində siyasi güvən böhranının, hökumət – müxalifət dialoqundakı dərin çatların, lobbiçilik təsirlərinin artan narahatlığının göstəricisinə çevrilib.
Ekoloqlar, eləcə də digər müxalif partiyalar artıq Matinyondan tam şəffaflıq tələb edir.