AZ

Kababdan narazılıq istirahət mərkəzində davaya səbəb olub - Məhkəmə hökm çıxardı

BAKI, 10 dekabr. TELEQRAF

Göyçay rayonunun Kürdşaban kəndində yerləşən “Murad” istirahət mərkəzində kababın keyfiyyəti ilə bağlı narazılıq mübahisəyə, daha sonra isə fiziki qarşıdurmaya çevrilib. Baş verən xuliqanlıq hadisəsinə görə 38 yaşlı Nuran Qafarov (soy ad şərtidir) barəsində cinayət işi başlanılıb və məhkəmə hökmü elan olunub.

Teleqraf xəbər verir ki, hadisə zamanı Nuran istirahət mərkəzinin işçisi Tacəddinə qarşı təhqiredici ifadələr işlədib və zor tətbiq edib. Zərərçəkmiş şəxsə vurulan zərbə nəticəsində sağlamlığı qısa müddətə pozulan yüngül dərəcəli xəsarət müəyyən edilib.

Təqsirləndirilən Nuran ifadəsində bildirib ki, qohumları Anar və Faxrət ilə birlikdə istirahət mərkəzinə gəliblər. Spirtli içki qəbul etdikdən sonra sifariş etdikləri böyrək kababının menyuda göstərildiyi şəkildə gətirilmədiyini görüb və buna etiraz edib.

Onun sözlərinə görə, əvvəlcə mətbəxə gedərək kababçıya iradını bildirib və yerinə qayıdıb. Hesabı ödədikdən sonra orada işləyən Tacəddinə də kababın keyfiyyəti barədə iradını çatdırıb. Nuran iddia edir ki, bu zaman “yesən də, yeməsən də budur” cavabını alıb. Bu cavab mübahisəyə səbəb olub və tərəflər arasında səs-küy yaranıb. Daha sonra qarşılıqlı olaraq bir-birlərinə vurublar.

Nuran peşman olduğunu, zərərçəkmişlə barışdığını və dəymiş ziyanı tam ödəndiyini bildirib.

Göyçay Rayon Məhkəməsinin hökmü ilə Nuran Cinayət Məcəlləsinin 221.1-ci maddəsi (xuliqanlıq) ilə təqsirli bilinərək 1000 manat cərimə cəzasına məhkum edilib.

Seçilən
50
teleqraf.com

1Mənbələr