BAKI, 10 dekabr. TELEQRAF
ABŞ Dövlət Departamenti tərəfindən Əfqanıstandakı Taliban hakimiyyətinə 45 milyon dollar göndərilməsi ilə bağlı yayılan məlumatlar ölkədə respublikaçıların kəskin reaksiyasına səbəb olub.
Teleqraf xəbər verir ki, bu barədə ilk olaraq anti-Taliban fəalı, Kabulda yaşayan Amrullah Saleh məlumat verib.
O bildirib ki, təzə çap olunmuş pul xüsusi çarter reysi ilə Əfqanıstana çatdırılıb.
Tennessi ştatının nümayəndəsi Tim Borçett bildirib ki, son illər Dövlət Departamenti Əfqanıstana ümumilikdə 5 milyard dollardan çox vəsait yönəldib. O, bu vəsaitlərin Talibanın nəzarətinə keçməməsi üçün yeni tənzimləmələrin qəbulunu tələb edir. Borçett artıq bununla bağlı qanun layihəsi təqdim edib.
ABŞ administrasiyası isə vəsaitlərin yalnız beynəlxalq təşkilatlar və QHT-lər vasitəsilə humanitar məqsədlərə ayrıldığını, Talibanın maliyyələşdirilməsi üçün nəzərdə tutulmadığını bildirir. Lakin 2023-cü ildə Əfqanıstanın Bərpası üzrə Baş Müfəttiş Con Sopko Konqresə bildirib ki, ABŞ vergilərinin Talibana gedib-getmədiyinə dair heç bir təminat verə bilmir.
Hadisə Donald Tramp administrasiyasına qarşı tənqidlərin artmasına səbəb olub. Müxtəlif ictimai fiqurlar sosial mediada ABŞ-nin Talibana nağd pul göndərməsinin izahatını tələb ediblər.
Nümayəndə Borçett Konqresi qanun layihəsini sürətlə qəbul etməyə çağırır və ABŞ vəsaitlərinin terrorçu qrupların əlinə keçməməsi üçün daha sərt nəzarət mexanizmlərinin yaradılmasını tələb edir.